BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Okampo və onun oğlu Tomasın əks olunduğu qalmaqallı videogörüntülər yayılıb. Həmin görüntülərdə Okampolar öz çirkin məqsədləri və bu məqsədlərə çatmaq üçün istifadə etdikləri alətlər barədə çox açıq və çılpaqlığı ilə danışırlar. Sabiq prokuror anti-Azərbaycan ritorikası ilə seçilən Avropa İttifaqı Komissiyasının təhlükəsizlik və xarici siyasət üzrə keçmiş ali nümayəndəsi Borrelin özü üçün işlədiyini deyir. Həmçninin, Ermənistan baş naziri Nikol Paşinyanın vəzifəsindən azad edilməli olduğunu, Azərbaycanın Avropa Ədalət Məhkəməsi çərçivəsində Avropa Komissiyasını Azərbaycanla bağlanmış müqavilənin ləğvinə məcbur etmək üçün addımlar atmalı olduğunu bildirib.
Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov bildirib ki, Azərbaycanın Azərbaycanın Avropa Komissiyası ilə pozulası müqaviləsi yoxdur:
“Okampo qələt edir. Azərbaycanı Avropa Komissiyası ilə bağlı heç bir pozulası müqaviləsi yoxdur ki, Okampo gedib ona qarşı bir qərar çıxarsın. O indi fırıldaqçıya çevrilib və korrupsionerdir”.

Deputat əlavə edib ki, Avropa strukturları Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru və fəal erməni lobbiçisi Luis Moreno Okampo ilə bağlı öz qəti sözünü deməlidir:
“Okampo və onun kimilərin hücumlarından ikrahla yan keçmək olar. Çünki aydındır ki, onların təşkil etdikləri kampaniyaların məqsədi bu gün Nikol Paşinyanı və “Vətəndaş Müqaviləsi” partiyasını hakimiyyətdən uzaqlaşdırmaqdır və məhz bu məqamda Avropa strukturları öz qəti sözlərini deməlidirlər; hərçənd sözdə onlar guya Ermənistanda Avropayönümlü qüvvələri dəstəklədiklərini bəyan edirlər”.
Politoloq Elxan Şahinoğlu bildirib ki, dünyadakı erməni lobbisi Türkiyə və Azərbaycana qarşı fəaliyyətinə ara vermir:
“Erməni diasporunun üçüncü hədəfi hazırda Baş nazir Nikol Paşinyandır. Onu hakimiyyətdən devirməyə çalışırlar. Müxtəlif ölkələrdəki əlaltıları-deputatlar, fəaliyyətdə olan və sabiq rəsmilər vasitəsilə Paşinyana təzyiqi artırmağa çalışırlar. İndi də Borrelin adı hallanır. O, keçmişdə Avropa İttifaqı Xarici Siyasət Məsələləri üzrə komissarı idi. O, hələ vəzifədə olarkən anti-Azərbaycan mövqeyi ilə seçilirdi. İndi də onu Paşinyan əleyhinə fəaliyyətə cəlb etmək istəyirlər. Bəlkə də, o, artıq fəaliyyətin içərisindədir”.

Politoloq vurğulayıb ki, Borrel məsələ ilə əlaqədar açıqlama verməlidir:
“Məsələ burasındadır ki, pulla ələ alınan bir qrup avropalı deputat Paşinyanın əleyhinə çıxsa, gülləni öz ayaqlarına vurmuş olacaqlar. Çünki Paşinyan Ermənistanın Rusiyadan uzaqlaşıb Avropa ilə inteqrasiya etməsinin tərəfdarıdır. Paşinyana qarşı çıxmaq Rusiyanın mövqeyini dəstəkləmək deməkdir. Jozef Borrel və o cümlədən avropalı deputatlar üçün bu, böyük bir risk olar. Bu ifşaedici görüntülər Borrel haqda ciddi araşdırma predmeti olmalıdır Borrel özü də açıqlama verməldir ki, bu nə məsələdir? Digər yandan Paşinyan bir daha əmin olacaq ki, Rusiya ilə erməni diasporunun maraqları üst-üstə düşür və fəaliyyətini bir az daha artıracaq”.