Fransada sosial mənzilə tələbat yüksək olaraq qalır və hazırda təxminən 3 milyon nəfər növbədə gözləyir.
Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Parlamentarilər: Şəhər öhdəliklərinin milli fəaliyyətə çevrilməsi - hamı üçün mənzilə aparan parlament yolu” adlı dəyirmi masada Fransa Milli Assambleyasının üzvü Lionel Causse bildirib.
O qeyd edib ki, Fransada sosial mənzillər uzunmüddətli maliyyələşdirmə modeli əsasında inşa olunur:
“Biz sosial mənzilləri fransız vətəndaşlarının “Livret A” əmanət hesablarında topladığı vəsaitlər hesabına maliyyələşdiririk. Bu fondun həcmi 400 milyard avrodan çoxdur”.
Deputat vurğulayıb ki, Fransa parlamentində bu istiqamətdə aparılan işlər əsasən iki istiqamətə fokuslanıb:
“İlk məqsəd torpaq qiymətlərinə nəzarət etməkdir. Bunun üçün müxtəlif alətlərdən istifadə olunur. 2050-ci ilə qədər xalis torpaq süni istifadəsini sıfıra endirmək istəyirik”.
Onun sözlərinə görə, digər prioritet isə aşağı karbon emissiyalı və iqlim dəyişikliklərinə uyğunlaşdırılmış binaların tikintisidir:
“Qlobal istiləşmənin təsirlərini nəzərə alan tikinti siyasəti həyata keçirilir. Bu sahədə bir sıra qanunlar artıq qəbul olunub, digərləri isə yaxın aylarda və illərdə qəbul ediləcək”.
Fransa parlamentinin üvzü onu da əlavə edib ki, məqsəd bütün sosial qruplar üçün əlçatan və layiqli mənzil təmin etməkdir.