Modern.az

İran yaxın perspektivdə yumşalmağa meylli deyil  

İran yaxın perspektivdə yumşalmağa meylli deyil  

Aktual

Bu gün, 18:11

Hörmüz boğazının bağlanması qlobal enerji və logistika sistemində ciddi təlatüm yaradıb. Dünyanın əsas neft nəqli marşrutlarından biri olan bu boğazdan keçidlərin kəskin azalması neft və qaz təchizatını məhdudlaşdırmaqla yanaşı, tanker daşımalarının marşrutlarını dəyişib, sığorta və daşınma xidmətlərinin haqqını artırıb. Neft qiymətlərindəki dalğalanma isə enerji idxalçısı ölkələr üçün inflyasiya və iqtisadi artım baxımından əlavə təzyiq yaradır.

Modern.az xatırladır ki, bu mənzərə 1956-cı il Süveyş böhranını xatırladır. Həmin il Misirin Süveyş kanalını milliləşdirməsindən sonra İsrail, Britaniya və Fransanın hərbi müdaxiləsi baş verdi və kanalın fəaliyyəti dayandı. ABŞ Britaniya və Fransaya təzyiq göstərərək atəşkəsə və qoşunların geri çəkilməsinə nail olunmasını dəstəklədi, SSRİ isə hərbi müdaxilə ilə bağlı sərt mövqe tutdu. Nəticədə hərbi əməliyyatlar dayandırıldı və kanalın yenidən fəaliyyətə başlaması üçün yol açıldı.

İndi isə oxşar sual Hörmüz boğazı ilə bağlı ortaya çıxır: 1956-cı ildə Süveyşin açılması üçün ABŞ və SSRİ kimi böyük güclərin diplomatik və siyasi təzyiqi mühüm rol oynamışdısa, bu gün Hörmüzün açılması üçün İrana kim və necə təsir göstərə bilər? Hörmüz böhranı 1956-cı il Süveyş böhranının hansı iqtisadi nəticələrini təkrarlaya bilər və bu dəfə qlobal iqtisadiyyata zərbə nə qədər böyük olacaq? Hörmüz açılmasa nə baş verəcək? 

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Modern.az-a açıqlama verib:

"Hörmüz boğazının açılması artıq dünya gündəliyindəki ən kəskin məsələlərdən birinə çevrilib. Mən konsensus imkanlarını çox cüzi qiymətləndirirəm. Çünki İran getdikcə tələblərini sərtləşdirir, ABŞ isə bunları qəbul edə bilməz. Əks halda bu, Vaşinqton üçün sözün əsl mənasında məğlubiyyət kimi qiymətləndirilə bilər. Ona görə də hər iki tərəf öz manevr imkanlarından istifadə edir. Mənə elə gəlir ki, ABŞ-ın əsas məqsədi ən azı noyabrda keçiriləcək aralıq seçkilərə qədər mövcud status-kvonu saxlamaq, bu müddətdə isə vaxt qazanaraq hərbi imkanlarını gücləndirməkdir. Donald Trampın xarakterini və proseslərin gedişini nəzərə alsaq, güclü zərbə endirilməsi variantı hələ də gündəmdədir.

Burada 1956-cı il Süveyş böhranı ilə müəyyən paralellər aparmaq mümkündür, baxmayaraq ki, bu müqayisə tam dəqiq deyil. Süveyş böhranı zamanı kanalın bağlanması neft və qaz təchizatında ciddi problemlər yaratmış, daşımaların daha uzun marşrutlara yönəlməsi qiymətlərə və logistika xərclərinə təsir göstərmişdi. Bundan əvvəl, 1953-cü ildə İranda neftin milliləşdirilməsi də Böyük Britaniya ilə ciddi qarşıdurmaya səbəb olmuş, İran neftinə blokada tətbiq edilmişdi. Bugünkü vəziyyətin əsas fərqi isə ondan ibarətdir ki, hazırda dünyanın ən güclü ölkəsi ABŞ ilə İran birbaşa qarşı-qarşıya dayanıb.

ABŞ-ın İranın nüvə proqramını dayandırmaq və Tehrana siyasi təzyiq göstərmək cəhdləri indiyədək gözlənilən nəticəni verməyib. İran isə iqtisadi çətinliklərə, inflyasiyaya və milli valyutanın dəyər itirməsinə baxmayaraq, bu qarşıdurmanı ölüm-dirim mübarizəsi kimi qəbul edir. Burada İran cəmiyyətində suverenlik və ərazi bütövlüyü məsələlərinin çox həssas olması da Tehranın geri addım atmaq imkanlarını məhdudlaşdırır. Mən hesab edirəm ki, İran yaxın perspektivdə yumşalmağa meylli deyil".

Politoloq bu asimmetrik müharibə modelinin Vaşinqton üçün maliyyə baxımından əlverişsiz olduğunu bildirib:

"Digər tərəfdən, İranın Körfəz regionundakı ABŞ bazalarına zərbələri də Vaşinqton üçün ciddi problemlər yaradır. İran müxtəlif raket və pilotsuz uçuş aparatlarından istifadə etməklə hava hücumundan müdafiə sistemlərini yükləməyə və onların imkanlarını aşmağa çalışır. Nəticədə bəzi raket və dronların hədəflərə çatdığı, dağıntıların yarandığı bildirilir. İranın əsas məqsədlərindən biri ABŞ-ın Körfəz bölgəsindəki hərbi mövcudluğunu zəiflətmək və nəticədə Amerika qüvvələrinin regiondan çıxmasına nail olmaqdır. Bu müharibənin ABŞ üçün iqtisadi tərəfi də ciddi suallar doğurur. İran nisbətən az vəsaitlə həyata keçirdiyi hücumlarla ABŞ-ı daha böyük müdafiə xərcləri çəkməyə məcbur edir. Bu asimmetrik müharibə modeli Vaşinqton üçün maliyyə baxımından əlverişsizdir. ABŞ daxilində də vəziyyət mürəkkəbləşir: inflyasiya, enerji qiymətlərinin artması, müharibəyə qarşı narazılıq və daxili siyasi gərginlik Tramp administrasiyasının üzərinə əlavə təzyiq yaradır.

Mən hesab edirəm ki, bu vəziyyət ilk növbədə İranın, eyni zamanda Rusiyanın və Çinin mövqeyinə müəyyən üstünlüklər gətirir. Avropada da ABŞ-ın siyasətindən narazılıq artır. Buna görə əsas sual bundan sonra Trampın yaranmış vəziyyətdən necə çıxacağıdır. Hazırkı mərhələdə isə həm diplomatik konsensus, həm də böhranın tezliklə başa çatması imkanları çox zəif görünür".

Nicat Rüstəm

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...