ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və amerikalı iş adamı Cared Kuşner yaxın vaxtlarda Kiyev və Moskvaya səfər etməyi planlaşdırırlar.
Modern.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, amerikalı danışıqlarçılar Ukrayna münaqişəsinin nizamlanması istiqamətində diplomatik təmasları intensivləşdiriblər və artıq Ukrayna tərəfi ilə telefon danışıqları aparıblar.
Ukrayna Prezidenti Volodimir Zelenski də Uitkoff və Kuşnerin yaxın günlərdə Kiyevə səfərinin gözlənildiyini təsdiqləyib. Onun sözlərinə görə, səfərin ilkin tarixi razılaşdırılıb və ABŞ nümayəndələri görüşə hazır olduqlarını təsdiqləyiblər.
Bununla yanaşı, Uitkoff və Kuşnerin Moskvaya da getməsinin planlaşdırıldığı bildirilir. Səfərlərin Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların davam etdirilməsi məqsədi daşıdığı qeyd olunur.
Səfərlərin dəqiq tarixləri hələ rəsmi şəkildə açıqlanmayıb.