“Habbl” kosmik teleskopu Saturnun cənub qütbündə qeyri-adi atmosfer strukturu aşkarlayıb. Alimlər nəhəng dalğanın konturlarının onbucaqlını xatırlatdığını bildirirlər.
Modern.az xəbər verir ki, araşdırmanın nəticələri "Science Advances" jurnalında dərc olunub. NASA isə strukturu “Astronomy Picture of the Day” rubrikasında təqdim edib.
Onbucaqlı struktur Saturnun təxminən 63 dərəcə cənub enliyində yerləşir və planetin atmosferindəki güclü hava axınına daxil olub. Müxtəlif dalğa uzunluqlarında aparılan müşahidələr strukturun atmosferin bir neçə qatına yayıldığını göstərib. Bu isə alimlərin adi bulud formasını deyil, dərin atmosfer dalğasını müşahidə etdiyini göstərir.
Tədqiqatçılar qeyri-adi quruluşun ilk əlamətlərini “Habbl”ın 2023-cü ildə əldə etdiyi görüntülərdə görüblər. Sonrakı illərdə struktur daha aydın şəkildə müşahidə olunmağa başlayıb. Bununla belə, 2004-2017-ci illərdə Saturnu araşdıran “Cassini” missiyası zamanı planetin cənubunda buna bənzər struktur qeydə alınmayıb.
Kəşf Saturnun şimal qütbündə yerləşən məşhur altıbucaqlı atmosfer strukturu fonunda xüsusi maraq doğurur. Şimal altıbucaqlısı 40 ildən artıqdır ki, alimlərə məlumdur və ilk dəfə 1980-ci illərin əvvəllərində “Voyager” aparatlarının görüntülərində müşahidə edilib. Bu struktur yüksək sabitliyi ilə seçilir və mövqeyini demək olar ki, dəyişmir.

Cənubdakı onbucaqlı isə fərqli davranır. Onun forması və intensivliyi zamanla dəyişir. Buna görə də alimlər strukturun nə qədər müddət mövcud qalacağını hələ müəyyən edə bilmirlər.
İlkin ehtimallara görə, qeyri-adi həndəsi forma müxtəlif sürətlərlə hərəkət edən atmosfer axınlarının qarşılıqlı təsiri nəticəsində yaranır. Bu fərqlər hava axınları daxilində dalğalar yarada və müəyyən şərtlərdə sabit çoxbucaqlı strukturların formalaşmasına səbəb ola bilər.
Tədqiqatçılar “Habbl” və digər teleskopların köməyi ilə onbucaqlı strukturu müşahidə etməyə davam etməyi planlaşdırırlar. Yeni məlumatların Saturnun atmosferinin dinamikasını daha yaxşı anlamağa və qaz nəhənglərində oxşar həndəsi strukturların niyə yarandığını müəyyənləşdirməyə kömək edəcəyi gözlənilir.