Azərbaycanla Ermənistan arasında münasibətlərin davamlı şəkildə normallaşması Cənubi Qafqazda sabitliyi möhkəmləndirə və yeni ticarət marşrutlarının yaranmasına imkan verə bilər.
Modern.az xəbər verir ki, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin hesabatında bildirilib.
Agentliyin qiymətləndirməsinə görə, Bakı ilə İrəvan arasında uzunmüddətli razılaşmanın əldə olunması regional sabitliyi gücləndirəcək, nəqliyyat bağlantılarını yaxşılaşdıracaq, Qafqazda ticarət və tranzit əlaqələrinin inkişafı üçün yeni imkanlar yaradacaq.
“Moody’s” Orta Dəhlizi də region ölkələri üçün əlavə iqtisadi artım mənbəyi kimi qiymətləndirir. Marşrut üzrə yükdaşımaların artması artıq Azərbaycan, Qazaxıstan və Gürcüstanın inkişafına töhfə verir, eyni zamanda Özbəkistan və Qırğızıstan üçün də iqtisadi faydalar yaradır.
Agentliyin analitikləri hesab edirlər ki, nəqliyyat, logistika, energetika və rəqəmsal infrastruktura yatırılacaq investisiyalar Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatlarını şaxələndirməsinə kömək edəcək.