Sentyabrın 15-i Bilik Günündə şəhər yollarında həmişəkindən qat-qat çox tıxac müşahidə olunur. Buna ən böyük səbəb valideynlərin uşaqlarını məktəbə şəxsi avtomobillərlə aparmasıdır. Nəticədə mərkəzi küçələrdə və əsas yollarda sıxlıq yaranır, sürücülər və sərnişinlər təyinat nöqtəsinə normal vaxtdan çox gec çatırlar.
Bu mövzuyla bağlı Modern.az-a nəqliyyat eksperti Yasin Mustafayev danışıb. Bu məsələdə ən böyük yükün valideynlərə düşdüyünü qeyd edib.
"Ümumiyyətlə məktəb seçərkən evə yaxın olmasına diqqət etmək lazımdır. Bəzi isə ailələr kirayə qalırlar. Onlar kirayə mənzillərinə yaxın məktəb seçməyə diqqət etməlidirlər. Əgər mənzil uzaq olarsa valideynlər övladlarını avtomobillə dərsə gətirirlər. Bu isə çox ciddi sıxlığa səbəb olur. Elə məktəb var ki, 5000–6000 şagird var. Bir evdən iki şagird gəlsə, 3000 valideyn, 3000 dənə maşın deməkdir."
Ekspert valideynlərə səsləndi:
"Evdən biraz tez çıxsınlar, gəzə-gəzə gəlsinlər. Həm övladları ilə biraz söhbət eləyərlər, həm təmiz hava alarlar, həm idman eləmiş olarlar. Bu vərdişlərlə sağlam həyata keçmiş olarlar", - o deyib.
Lamiyə Cənnətzadə