Modern.az

Zəfər tariximizin şanlı səhifəsi

Zəfər tariximizin şanlı səhifəsi

Aktual

Bu gün, 09:55

Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olan 20 sentyabr xalqımızın yaddaşında dövlət suverenliyinin bərpa edildiyi gün kimi əbədi yaşayacaq. Bu tarix, eyni zamanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin azadlığını ifadə etməklə xüsusi rəmzi məna daşıyır.

Azərbaycan xalqı bu günü bir neçə onillik ərzində böyük həsrətlə gözləyib. Ermənistanın işğal siyasəti nəticəsində yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, tarixi və mədəni irsimizə qarşı məqsədyönlü vandalizm törədilib, yüz minlərlə insan doğma yurdlarından didərgin salınıb. Xocalı faciəsi isə bu işğal siyasətinin ən ağır cinayətlərindən biri kimi xalqımızın yaddaşına həkk olunub. Lakin Azərbaycan dövləti heç vaxt ərazi bütövlüyünün bərpası məqsədindən geri çəkilməyib.

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xətti Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Güclü ordu quruculuğu, iqtisadi potensialın artırılması, beynəlxalq mövqelərin möhkəmləndirilməsi, milli həmrəyliyin qorunması nəticəsində Azərbaycan özünün əsas strateji hədəfinə nail olub.

2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə edilən Zəfər bu yolun həlledici mərhələsi olub. 2023-cü il sentyabrın 19-20-də isə lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyi bütün ərazilərimizdə təmin edilib. Həmin gün Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan uzunmüddətli mübarizənin məntiqi nəticəsini, dövlətin gücünü, xalqın iradəsini və milli həmrəyliyini nümayiş etdirən tarixi mərhələdir. Beləliklə, uzun illər ərzində separatçı rejimin nəzarətində qalan ərazilər üzərində Azərbaycanın Konstitusiya quruluşu bərpa olunub. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə sentyabrın 20-nin həm Dövlət Suverenliyi Günü, həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis edilməsi bu tarixi hadisənin dövlətçilik baxımından mahiyyətini nümayiş etdirir. Prezident, Müzəffər Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltıb.

2023-cü il noyabrın 8-də Xankəndidə Vətən müharibəsində qazanılmış Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi parad keçirilib. Hərbi parad Azərbaycanın hərbi qüdrətinin nümayişi olmaqla yanaşı, Qarabağda yeni reallığın daha bir ifadəsi idi.

Ağdərənin Azərbaycan inzibati ərazi sistemində yenidən bərpası da 20 sentyabrın yaratdığı yeni reallıqların mühüm nəticələrindəndir. 2023-cü il dekabrın 5-də qəbul edilmiş qanunla Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradılıb.

Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin timsalında Qarabağda baş verən proseslərin ən mühüm istiqamətlərindən biri Böyük Qayıdışdır. Hazırda əsas məqsəd həmin torpaqlarda təhlükəsiz, rahat və firavan həyatın qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması, şəhər və kəndlərin müasir standartlar əsasında yenidən qurulmasıdır. Bu proses genişmiqyaslı dövlət proqramları çərçivəsində həyata keçirilir. Yeni yaşayış məhəllələri salınır, fərdi evlər bərpa olunur, məktəblər, uşaq bağçaları, tibb müəssisələri, mədəniyyət obyektləri, yollar, elektrik, qaz, su və rabitə infrastrukturu yaradılır. Beləliklə, işğaldan azad edilmiş ərazilərdə yalnız dağıdılmış binalar deyil, bütövlükdə sosial-iqtisadi həyat yenidən formalaşdırılır.

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərəni birləşdirən əsas məqam onların hər birinin Azərbaycan dövlətinin suverenliyi çərçivəsində yeni inkişaf mərhələsinə qədəm qoymasıdır. Xankəndi elm və təhsilin, xüsusilə Qarabağ Universitetinin mühüm mərkəzinə çevrilir. Xocalıda tarixi yaddaşla müasir yaşayış bir araya gətirilir. Xocavənddə yaşayış məntəqələri bərpa olunur, ailələr öz doğma evlərinə qayıdır. Ağdərədə isə tarixi rayonun inzibati və sosial-iqtisadi həyatı yenidən qurulur.

Azərbaycan xalqının 30 ildən artıq müddətdə gözlədiyi gün artıq tarixi reallığa çevrilib. Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə dalğalanan dövlət bayrağımız bu torpaqların əbədi olaraq Azərbaycan olduğunu nümayiş etdirir. Zəfərin əsl miqyası indi həmin ərazilərdə qurulan yeni həyatda özünü göstərir.

20 sentyabr Xankəndinin, Xocalının, Xocavəndin və Ağdərənin azadlıqdan quruculuğa, qələbədən inkişafa doğru yolunun təntənəsidir. Qarabağ artıq yalnız Zəfərin ünvanı deyil, Azərbaycanın gələcəyinin mühüm inkişaf məkanlarından biridir.

Mahir Süleymanlı

Milli Məclisin deputatı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya məktəblərində müharibə hazırlığı başladı: Silahlar paylanıldı