Türkiyə İran ətrafında yaranmış münaqişənin mümkün qədər tez diplomatik yollarla həll edilməsini istəyir.
Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Qonşumuz İranla bağlı proseslər Türkiyə və Azərbaycanı yaxından maraqlandırır. İranın təhlükəsizliyi, sabitliyi və rifahı bütün regiona birbaşa təsir göstərir. Buna görə də mövcud münaqişənin ən qısa zamanda diplomatik yollarla həllini istəyirik”, – nazir deyib.
Hakan Fidan son dövrdə artan qarşılıqlı hücumların sülh səylərinə ciddi zərbə vurduğunu bildirib:
“Regionda gərginliyi artıran bu hərəkətlər dərhal dayandırılmalıdır. Hörmüz boğazında təhlükəsiz, fasiləsiz və sərbəst keçid təmin olunmalı, müharibədən əvvəlki vəziyyət mümkün qədər tez bərpa edilməlidir”.
Nazirin sözlərinə görə, Türkiyə böhranın həlli, regionda sülh və təhlükəsizliyin təmin olunması üçün bütün tərəflərlə təmaslarını davam etdirir.