Rusiya–Ukrayna müharibəsinin Qara dənizə yayılması, vətəndaşların həyatını və şirkətlərin fəaliyyətini təhdid etməsi qəbuledilməzdir.
Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.
Nazir Azərbaycan tərəfi ilə dörd il yarımdan artıqdır davam edən Rusiya–Ukrayna müharibəsini və onun regiona təsirlərini müzakirə etdiklərini deyib.
“Döyüşlər fasiləsiz davam etdiyi üçün mülki itkilər və dağıntılar hər gün artır. Müharibədəki eskalasiya Qara dəniz hövzəsinə də ciddi təsir göstərir. Böhranın başlanmasından bəri Qara dənizin münaqişədən kənarda qalması üçün böyük səy göstərmişik”, – Hakan Fidan bildirib.
Onun sözlərinə görə, Türkiyənin Montrö Boğazlar Konvensiyasını diqqətlə tətbiq etməsi və Qara dəniz Taxıl Təşəbbüsünün həyata keçirilməsi müəyyən müddət bu məqsədə nail olmağa imkan verib.
“Lakin son aylarda Qara dənizdə mülki gəmilərə qarşı artan hücumlar insanların həyatına, əmlaka, dəniz nəqliyyatına və ekoloji təhlükəsizliyə ciddi zərər vurur. Təəssüf ki, bu hücumlarda Türkiyə və Azərbaycan vətəndaşı olan dənizçilər də həyatlarını itiriblər”, – nazir qeyd edib.
Hakan Fidan həlak olan dənizçilərin yaxınlarına başsağlığı verib və tərəflərə lazımi xəbərdarlıqların edildiyini bildirib.
“Müharibənin Qara dənizə yayılması, vətəndaşlarımızın həyatını və şirkətlərimizin fəaliyyətini təhdid etməsi qəbuledilməzdir. Siyasi iradə nümayiş etdirilərsə və xoş niyyətlə hərəkət olunarsa, razılaşma üçün ortaq zəmin tapıla bilər. Bunun üçün son dövrdə səylərimizi artırmışıq”, – o deyib.
Türkiyənin xarici işlər naziri ölkəsinin sülh təşəbbüslərini davam etdirəcəyini vurğulayıb:
“Prezidentimizin əvvəldən qeyd etdiyi kimi, ən pis sülh belə müharibənin özündən yaxşıdır. Türkiyə sülh naminə bütün səylərini göstərməyə davam edəcək”.