Modern.az

Qars–Dilucu dəmir yolu 2029-cu ilin sonunda hazır olacaq

Qars–Dilucu dəmir yolu 2029-cu ilin sonunda hazır olacaq

Aktual

Bu gün, 14:50

Qars–Dilucu dəmir yolunun tikintisinin 2029-cu ilin sonunadək tamamlanması planlaşdırılır. Xətt istifadəyə verildikdən sonra Azərbaycandan yola düşən qatarlar fasiləsiz şəkildə Türkiyəyə çata biləcək.

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, Azərbaycan və Türkiyə Orta Dəhlizin formalaşmasında mühüm rol oynayır. Naxçıvan üzərindən Azərbaycan–Türkiyə bağlantısının yaradılması isə Türk dünyasının qarşılıqlı əlaqələri baxımından xüsusi əhəmiyyət daşıyır.

“Türk dünyasının Türkiyəyə, Anadolu üzərindən Avropaya, Türkiyənin isə Xəzər vasitəsilə Türk dünyasına çıxışını təmin edəcək geniş baxışımız var. Bunun mühüm hissəsi Zəngəzur dəhlizi, tamamlayıcı elementlərindən biri isə Qars–Dilucu dəmir yoludur”, – Hakan Fidan deyib.

Onun sözlərinə görə, layihə ilə bağlı tender prosedurları bir müddət əvvəl yekunlaşıb və hazırda tikinti işləri davam etdirilir.

“İnşallah, Qars–Dilucu dəmir yolu 2029-cu ilin sonuna doğru tamamlanacaq. Beləliklə, Azərbaycandan gələn qatar fasiləsiz şəkildə Türkiyəyə çata biləcək. Bu, bizim üçün mühüm logistika imkanı yaradacaq”, – nazir vurğulayıb.

Hakan Fidan Azərbaycanla Türkiyə arasında mövcud nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətində işlərin davam etdiyini bildirib.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya məktəblərində müharibə hazırlığı başladı: Silahlar paylanıldı