Rusiya–Ukrayna müharibəsi heç başlamamalı, genişlənməməli və təcili dayandırılmalıdır.
Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, Türkiyə müharibənin diplomatik yollarla dayandırılması üçün çoxsaylı təşəbbüslər irəli sürüb:
“Hər iki tərəflə əlaqələrimizdən ən səmərəli şəkildə istifadə edərək illər ərzində mühüm addımlar atdıq. Qara dəniz Taxıl Sazişi, imzalanmağa çox yaxın olan İstanbul sülh sazişi mətni və əsir mübadiləsi ilə bağlı fəaliyyətlər bunların sırasındadır”.
Hakan Fidan bildirib ki, Türkiyə Rusiya və Ukrayna nümayəndələrini İstanbulda, eləcə də ölkənin digər bölgələrində açıq və qapalı formatlarda bir araya gətirmək üçün intensiv səylər göstərib.
“Müharibə təkcə regionumuza deyil, qlobal iqtisadiyyata da böyük zərər vurur. ABŞ Prezidenti Donald Tramp da son günlər qiymət artımlarının əsas səbəblərindən birinin bu müharibə olduğunu bildirdi. O, enerji infrastrukturunun hədəfə alınmaması ilə bağlı moratorium elan edilməsini təklif etdi”, – nazir deyib.
Hakan Fidanın sözlərinə görə, Türkiyə xüsusilə Qara dənizdə təhlükəsizliyin təmin olunması istiqamətində təşəbbüslərini davam etdirir:
“Tərəflərlə apardığımız danışıqlar, təqdim etdiyimiz təkliflər və onların bizə verdiyi cavablar var. Həmin mövqeləri uzlaşdırmaq və ortaq məxrəcə gətirmək üçün çalışırıq”.
Nazir müharibənin son dövrdə tükəndirmə mərhələsindən genişmiqyaslı məhvetmə mərhələsinə keçdiyini vurğulayıb.
“Demək olar ki, artıq hədəfə alınmayan yer qalmayıb. Yaşayış məntəqələri, ticarət obyektləri və infrastruktur vurulur, mülki itkilər artır. Müharibənin daha da genişlənməsinin və böyük fəlakətlərə səbəb olmasının qarşısı alınmalıdır”, – o bildirib.
Hakan Fidan qeyd edib ki, 4,5 illik müharibədən sonra tərəflər də anlaşmanın zəruriliyini daha yaxşı dərk etməyə başlayıblar:
“Bu mərhələdə bizim kimi vasitəçilərin təsirli formullar taparaq tərəfləri razılaşmaya inandırması vacibdir. Əks halda enerji qiymətləri, ərzaq təhlükəsizliyi və ətraf mühitlə bağlı risklər artacaq. Müharibənin digər Avropa ölkələrinə yayılması ehtimalı belə səsləndirilir. Biz bunu düşünmək belə istəmirik”.
Türkiyənin xarici işlər naziri sülh səylərinin davam etdirildiyini və müharibənin mümkün qədər tez başa çatacağına ümid etdiklərini vurğulayıb.