Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Samux rayonunda həyata keçirilməsi nəzərdə tutulan işlərin monitorinqi keçirilib.
Modern.az xəbər verir ki, Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 11-ci ərazi sektorunun müdiri Elvin Azadəliyev və Kənd Təsərrüfatı Nazirliyinin Azad olunmuş ərazilərlə və aqroparklarla iş şöbəsinin müdiri İlqar Məhərrəmov rayon ərazisində fəaliyyət göstərən iri fermer təsərrüfatlarına və yeni intensiv meyvə bağlarına baxış keçiriblər.
Məlumata görə, bu baxış dövlət proqramlarının yerinə yetirilməsini, rayonda müasir kənd təsərrüfatı texnologiyalarının tətbiqini və ümumi istehsal vəziyyətini qiymətləndirmək məqsədilə təşkil edilib.
Görüş zamanı aidiyyəti rəhbərlərə kənd təsərrüfatının inkişaf etdirilməsi, əhalinin işlə təmin olunması və istehsalın artırılması üçün lazımi tövsiyələr çatdırılıb.