Xocalı soyqırımının ağrısını, doğma yurd həsrətini və otuzillik işğalın ağır nəticələrini uzun illər yaddaşında yaşadan Azərbaycan xalqı üçün 20 sentyabr tarixi xüsusi mənəvi və siyasi məna daşıyır. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirlərinin nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam təmin edilməsi, Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə üçrəngli Bayrağımızın dalğalanması tarixi ədalətin təntənəsidir.
Otuz ilə yaxın müddətdə Azərbaycan xalqının üzləşdiyi ədalətsizliyə beynəlxalq ictimaiyyət laqeyd münasibət göstərdi. Azərbaycan buna baxmayaraq, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək əzmindən geri çəkilmədi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə xalq-dövlət-ordu birliyi milli gücün əsas mənbəyinə çevrildi. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər işğala son qoydu, 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri isə ölkəmizin bütün ərazisində suverenliyin tam bərpası ilə nəticələndi. Bununla da Azərbaycan ərazisində separatizmin mövcudluğuna birdəfəlik son qoyuldu.
Təbii ki, tarixi zəfərlərimizin mənəvi dəyəri hər bir azərbaycanlı üçün olduqca böyükdür. 1992-ci ildə tarixin ən dəhşətli faciələrindən birinə şahidlik etmiş Xocalıda bu gün üçrəngli bayrağımız dalğalanır və keçmiş məcburi köçkünlərimiz öz doğma şəhərlərində qürurla yaşayırlar. Xocalı bu gün dirçəlişin, qayıdışın və yenidən qurulan həyatın ünvanına çevrilir.
Eyni zamanda separatçılardan təmizlənən Xankəndi şəhəri də böyük inkişaf yoluna qədəm qoyub. Bu gün şəhərdə Qarabağ Universiteti fəaliyyət göstərir, yaşayış və ictimai infrastrukturlar yenilənir, müasir otellər istifadəyə verilir, sahibkarlıq və istehsal imkanları yaradılır. Uzun illərdən sonra Xankəndi yenidən dinamik şəkildə inkişaf edir.
Bu gün artıq azad edilmiş ərazilərdə şəhərlər və kəndlər yenidən qurulur, yollar, enerji və su infrastrukturu yaradılır, məktəblər, səhiyyə və mədəniyyət obyektləri istifadəyə verilir, keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına qayıdışı təmin olunur.
Eyni mənzərə Xocavənd və Ağdərədə də müşahidə olunur, zəruri infrastruktur qurulur: qaz xətləri çəkilir, yollar asfaltlanır, fərdi evlərin bərpası həyata keçirilir. Bir sözlə, dövlətimiz bütün azad olunmuş torpaqlarımızda keçmiş məcburi köçkünlərin firavan yaşayışı üçün dayanıqlı sosial-iqtisadi mühit qurur.
Bir zamanlar məcburi köçkün kimi doğma yurdlarından uzaqda yaşayan ailələr indi öz doğma yurdlarında yaşayır, uşaqlar Qarabağda məktəbə gedir, gənclər burada təhsil alır, insanlar işləyir və yeni həyat qururlar. Artıq Qarabağ və Şərqi Zəngəzurun 48 şəhər və kəndində 90 mindən çox insan yaşayır. Bu, Azərbaycan dövlətinin qətiyyəti, əzmi və qüdrətinin göstəricisidir.
Şahin İsmayılov
Milli Məclisin Gənclər və idman komitəsinin sədri