Modern.az

Maştağada evlərdən qızıl əşyalar oğurlayan dəstə peyda olub

Maştağada evlərdən qızıl əşyalar oğurlayan dəstə peyda olub

10 Sentyabr 2009, 16:43

Son illər Bakı şəhərində oğurluqla məşğul olan gürcülərdən ibarət cinayətkar dəstələr peyda olub. Hüquq-mühafizə orqanlarının vaxtaşırı həyata keçirdiyi əməliyyatlar nəticəsində belə dəstələr zərərsizləşdirilir. Amma...
Modern.az-ın araşdırmaları göstərir ki, Azərbaycan paytaxtında zərərsizləşdirilən gürcü əsilli şəxslərdən ibarət cinayətkar qruplar daha çox mənzil oğurluqları ilə məşğul olurlar. Bunu hüquq-mühafizə orqanlarının əməkdaşları da təsdiqləyiblər.
Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) məlumatına görə, indiyədək yaxalanmış gürcülərdən ibarət dəstələr mənzil oğurluğunu müxtəlif üsullarla həyata keçiriblər. Məsələn, dəstələrdən biri oğurluğu açarseçmə yolu ilə həyata keçirirmiş. Gürcü əsilli cinayətkarların cəmləşdiyi digər qrup isə Azərbaycanda özlərinin Rusiyada tətbiq etdikləri mənzil oğurluğu «metodu»ndan yararlanırmışlar. Bu «metod»a görə cinayətkarlar xəstələrin və ya əlillərin yaşadığı ünvana gəlir, özlərini həkim kimi təqdim edir, onlara dərman adı ilə bihuşdarı içirib yuxuya verir, sonra mənzili soyub gedirmişlər.
Yeri gəlmişkən, bu günlərdə Bakının Nərimanov rayon Polis İdarəsi 16-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı da Gürcüstan vətəndaşlarından ibarət növbəti quldur dəstəsi zərərsizləşdirilib. Dəstə üzvlərinin üzərindən mənzillərə daxil olmaq üçün istifadə olunan əşyalar götürülüb. Hazırda həmin şəxslərin törətdikləri cinayət əməllərinin üstünün açılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.
Bu gün Modern.az-a Maştağada yaşayan sakinlər məlumat veriblər ki, adı çəkilən qəsəbədə oğru dəstəsi peyda olub və deyilənə görə, bu qrupun da üzvləri gürcülərdir. Sakinlər bildirirlər ki. müxtəlif yollarla  mənzillərə soxulan dəstə üzvləri ev sahiblərini qaz balonları vasitəsindən istifadə etməklə «zərərsizləşdirib» qarətlə məşğul olurlar. Dəstənin mənzillərdən əsasən qızıl əşyaları oğurladığı qeyd olunur. Maştağa sakinləri arasında gəzən şayiəyə görə, guya, cinayətkarlar xüsusi cihaz vasitəsilə bayırdan mənzildə qızılın olub-olmadığını müəyyənləşdirə bilir, sonra oğurluq üçün evlərə daxil olurlar. Məlumatı verən mənbənin sözlərinə görə, hüquq-mühafizə orqanları bu barədə məlumatlandırıldıqdan sonra qəsəbə sakinlərinə ehtiyatlı olmaq barədə xəbərdarlıq edilib.
Moder.az daxil olan məlumatla əlaqədar Daxili İşlər Nazirliyinin mətbuat xidmətilə əlaqə saxlayıb. Lakin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov ezamiyyətdə olduğundan suallarımızı digər səlahiyyətli şəxs cavablandırmayıb.
Sabunçu Rayon Polis İdarəsinin Maştağa qəsəbəsində yerləşən 14-cü Polis Bölməsindən də suallarımızı cavablandırmaq istəməyiblər.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi