Prezident İlhama Əliyevin din xadimləri ilə görüşündə bu məsələyə xüsusi diqqət yetirməsi son dərəcə böyük əhəmiyyət kəsb edir.
Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.
Komitə sədri bildirib ki, hər fürsətdə erməni vəhşiliyinin əsas göstəricisi kimi onların başqa inanclara olan nifrətini dünya ictimaiyyətinə təqdim etməyə məcburuq:
"İşğaldan azad edilmiş ərazilərdə bir neçə istisna olmaqla, demək olar ki, bütün məscidlərin dağıdılması və bütövlükdə xristian dini abidələrinə zərər vurulması acı bir fakt kimi qarşımıza çıxdı. Əvvəllər kənardan, xarici jurnalistlərin çəkilişləri vasitəsilə bəzi məlumatlarımız var idi. Lakin indi tövlələrdə donuz saxlamaq əvəzinə, bunu məscidlərə köçürən bir zehniyyətlə qarşılaşdıq. Bu, çox üzücü bir hal idi və Ermənistanın təkcə insanlara deyil, həm də tarixi-dini abidələri hədəf alan nifrətini nümayiş etdirirdi".
Fazil Mustafa vurğulayıb ki, Azərbaycan tərəfi faktaraşdırma missiyasına dəfələrlə müraciət etsə də, beynəlxalq qurumlar bu məsələlərin üzərinə gəlməkdən yayınırlar:
"Prezident də xüsusi olaraq vurğuladı ki, heç bir Avropa qurumu bu məsələyə lazımi diqqəti ayırmaq istəmədi. Başqa ölkələrdə, hətta indinin özündə belə, heç bir dəqiq informasiya olmadan ermənilərə məxsus abidələrin güya dağıdılması ilə bağlı bəyanatlar verən, bunu ayrı-ayrı bəndlərdə və siyasi qərarlarda qeyd edən Avropa Parlamenti vaxtında bu vəhşiliklərə qiymət verməyə çalışmadı. Ona görə də din xadimləri ilə görüşdə bu fikirlərin səsləndirilməsi və rəsmi bəyanat kimi dünyaya çatdırılması çox böyük önəm daşıyır".
Deputat Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi quruculuq işlərindəki prinsipial yanaşmasına da diqqət çəkib:
"Biz təkcə İslam mədəniyyətinə aid olan tarixi-dini abidələri deyil, həm də xristianlara aid abidələri bərpa etməklə məşğulux. Bu, bizim tolerantlıq ənənələrimizdən və dövlət siyasətimizin təməl prinsiplərindən irəli gəlir. İndiki mərhələdə müvafiq qurumlarımız - istər Mədəniyyət Nazirliyi, istərsə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dağıdılmış abidələrlə bağlı bütün məlumatları həm öz rəsmi saytlarında, həm də müxtəlif beynəlxalq platformalarda gündəmə gətirirlər.
Bundan sonra da yeganə yolumuz faktları sənədləşdirib beynəlxalq təşkilatlara təqdim etmək, hətta dərhal reaksiya verməsələr bile, onların rəsmi sənədlərində yer almasına nail olmaqdır. Çünki torpaqlarımızı azad etmişik və orada öz tolerant dövlət siyasətimizi uğurla həyata keçiririk", - deyə komitə sədri əlavə edib.