Ermənistanın iri kənd təsərrüfatı şirkətlərindən olan “Spayka” Rusiyaya meyvə-tərəvəz ixracını tamamilə dayandırıb.
Modern.az xəbər verir ki, bunu şirkətin top-meneceri Karen Bağdasaryan “Sputnik Ermənistan”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, qərar Rusiya tərəfindən tətbiq edilən məhdudiyyətlərlə əlaqədardır. Şirkət hazırda ixrac bazarlarını şaxələndirməyə çalışır və əsas diqqəti Şərqi Avropa ölkələrinə yönəldir.
Bağdasaryan iddia edib ki, yay-payız mövsümündə yeni bazarlara ixrac olunan məhsulların həcmi əvvəllər Rusiyaya göndərilən məhsulların həcminə yaxınlaşıb.
Şirkət rəsmisi Rusiyada “Spayka-Rus” şirkəti ilə bağlı aparılan məhkəmə prosesinə də münasibət bildirib. “Spayka-Rus” Ermənistandan Rusiyaya meyvə-tərəvəz məhsullarının idxalı ilə məşğul olub.
Bağdasaryanın sözlərinə görə, maliyyə fırıldaqları və vergidən yayınma iddiaları üzrə 2019-cu ildə başlanmış cinayət işinin heç bir əsası yoxdur. O, məhkəmənin şirkətə qarşı irəli sürülən ittihamların əsassız olduğunu sübuta yetirəcəyinə əminliyini ifadə edib.