Modern.az

Azərbaycanın Afrika planı: Bakı yeni diplomatik xəritə qurur

Azərbaycanın Afrika planı: Bakı yeni diplomatik xəritə qurur

Analitika

Bu gün, 12:03

Azərbaycanın Afrika ölkələri ilə əlaqələri son illərdə yeni dinamika qazanıb və bu istiqamətdə diplomatik təmaslar genişlənir. Qambiya, Qvineya-Bisau və Çadla Birgə İşçi Qruplarının yaradılması Bakının Afrika siyasətinin gələcək perspektivlərini də gündəmə gətirir.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Azər Allahverənov Modern.az-a açıqlama verib:

“Azərbaycanın Qambiya, Qvineya-Bisau və Çadla yeni işçi qruplar yaratması son illərdə ölkənin xarici siyasətində Afrika istiqamətinin inkişaf etdirilməsi baxımından mühüm diplomatik addımlardır. Afrika qitəsində 54 ölkənin olması bu dövlətlərlə əlaqələrin inkişafını Azərbaycanın diplomatik resurslarının genişləndirilməsi baxımından əhəmiyyətli edir”.

Deputatın sözlərinə görə, Azərbaycanın Afrika ölkələri ilə münasibətləri əvvəlki illərdə əsasən İslam həmrəyliyi, BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində inkişaf edib. Son illərdə isə ikitərəfli və çoxtərəfli əlaqələr daha da genişlənib, humanitar, enerji, kənd təsərrüfatı, təhsil, turizm və rəqəmsal texnologiyalar kimi sahələr əməkdaşlığın əsas istiqamətlərinə çevrilib.

A.Allahverənov bildirib ki, Azərbaycanın 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi, Afrika ölkələrinə humanitar dəstəyi, COP29 və Bakıda Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi bu istiqamətdə fəallığı artırıb. O qeyd edib ki, Keniya və Somali ilə əlaqələrin inkişafı, eləcə də Azərbaycanın “ASAN xidmət” təcrübəsinin Afrika ölkələrində tanıdılması Bakı ilə Afrika arasında əməkdaşlığın praktiki müstəvidə də genişləndiyini göstərir.

“Afrika istiqaməti Azərbaycan üçün enerji ilə yanaşı, nəqliyyat-logistika, rəqəmsal texnologiyalar və yaşıl enerji sahələrində də yeni imkanlar yaradır. Afrika ölkələri də Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər”, - deyə o bildirib.

Nicat Rüstəm

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda dəhşətli anlar: Sərnişin dolu təyyarə havada parçaland