Modern.az

Paytaxtdakı gözəllik salonlarının 28 işçisi cərimələndi

Paytaxtdakı gözəllik salonlarının 28 işçisi cərimələndi

16 Sentyabr 2009, 12:02

RESPUBLİKA GİGİYENA VƏ EPİDEMİOLOGİYA MƏRKƏZİ BU OBYEKTLƏRDƏ YOXLAMALARA BAŞLAYIB

Paytaxtda gözəllik salonlarının sayı durmadan artır. İndi demək olar ki, hər addımbaşı qadın gözəllik salonlarına rast gəlmək olar. Təbii ki, bu salonlarda xidmətin qiymətləri müxtəlifdir. Bir sözlə, şəhərimizdə yaşayan hər bir qadın maddi imkanına uyğun olaraq özünə gözəllik salonu seçməkdə çətinlik çəkmir. Modern.az-ın əməkdaşı Bakıdakı bir neçə gözəllik salonunda olub, onların təklif etdiyi xidmət və qiymətlərlə maraqlanıb. Q

adın salonlarında xidmətlər müxtəlifdir: Saçın müxtəlif formaya salınması (“uklatka”), saçın kəsilməsi və rənglənməsi, makiyaj, tatuaj, manikür, pedikür və s.

Ümumiyyətlə, gözəllik salonlarında standart qiymətlər yoxdur.

Metronun “Gənclik” stansiyasının yaxınlığındakı “Madamrohşa” salonunda usta işləyən Göyçək xanımın sözlərinə görə, onlarda qiymətlər elə də baha deyil, buna görə də müştəri sarıdan korluq çəkmirlər: “Üzün təmizlənməsi, qaşın alınması 7-10, saçın “uklatka”sı 5 manatdır”. Bu salonun Zöhrə adlı digər işçisi isə bildirdi ki, manikür üçün 5, pedikür üçün 10 manat ödəmək tələb olunur.

Qeyd edək ki, Bakıda elə gözəllik salonu var ki, orada qiymətlər “ceyran belindədir”. Amma həmin salonların daimi müştəriləri var. Məsələn, “Bella-2”-də təkcə saçın yığılmasına görə qiymət  80-100 manat arasında dəyişir. Biz hələ digər xidmətlərin qiymətlərindən danışmırıq.  Yəni “Bella-2”-nin maddi imkanı yaxşı olan müştəriləri bir dəfə bu salona girib-çıxanda 200-300 manat xərcləməyə xəsislik etmirlər.

Onu da bildirək ki, Bakıdakı gözəllik salonlarının heç də hamısında sanitar qaydalar gözlənilmir. Məsələn, alətlər pis sterilizə edilir, onlardan düzgün istifadə olunmur, təmizliyə riayət edilmir, işçilər tibbi yoxlamadan keçmir və s. Belə hallar gözəllik salonlarına gələn müştərilər üçün təhlükəlidir, onlardan kimsə hansısa xəstəliyə yoluxa bilər. Əvvəllər belə hadisələrin dəfələrlə baş verdiyini unutmayaq. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov da Modern.az-a açıqlamasında bizimlə razılaşdığını bildirdi. Onun sözlərinə görə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları mütəmadi olaraq gözəllik salonlarında yoxlamalar aparır. Növbəti monitorinqlərə bi yaxınlarda start verilib: “Müvafiq şöbələrimiz gözəllik salonlarında sentyabr əvvəlindən geniş monitorinqlərə başlayıb. Artıq nöqsanlar da aşkarlamışıq”. Z.Kazımov bildirdi ki, son 15 gün ərzində aparılan yoxlamalar zamanı Bakıdakı müxtəlif gözəllik salonlarında sanitar qaydaların pozuntusuna görə 28 nəfər İnzibati Xətalar Məcəlləsinin 65-ci maddəsinə uyğun olaraq hər biri 100 manat məbləğində cərimələnib. Bu maddəyə görə, müəssisələrdə, idarələrdə və təşkilatlarda sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına görə yüz manatdan iki yüz manatadək miqdarda cərimə tətbiq edilir. Şöbə müdiri montorinqlərin hazırda da davam etdirildiyini söylədi.

 

Günay MUSAYEVA

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi