Modern.az

“Çexiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu siyasət dəyişməyəcək”

“Çexiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu siyasət dəyişməyəcək”

24 Sentyabr 2009, 14:03

Modern.az xəbər verir ki,  Çexiya Parlamenti Senatının sədri Prşemısl Sobotka sentyabrın 24-də Milli Məclisdə olub.

Öncə Milli Məclisin sədri Oqtay Əsədovla senat sədri arasında təkbətək görüş olub.

Geniş tərkibli görüşdə Oqtay Əsədov deyib ki, dövlətlərimiz müstəqlliyini bərpa etdikdən sonra münasibətlərimiz yeni müstəvidə inkişaf etməyə başlayıb: “Sizin bu səfəriniz əlaqələrimizin inkişafına yeni impuls verəcək. İqtisadi əlaqələrimiz, ticarət dövriyyəmiz də artır. Hesab edirik ki, ticarət dövriyyəsinin daha da artırılması üçün geniş imkanlar var.

Azərbaycan Avropanın enerji təhlükəsizliyində böyük töhfələr verir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi- Ərzrum qaz kəmərlərinin istifadəyə verilməsi, enerji daşıyıcılarının diversifikasiyası ilə bağlı yeni layihələrin reallaşması buna parlaq misaldır. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığa dair memorandum bizə bu sahədə əməkdaşlıq üçün geniş imkanlar açır. Düşünürük ki, Çexiya Respublikası da bundan səmərəli istifadə etməlidir”.

Sonra Oqtay Əsədov Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat verib: “BMT Təhlükəsizlik Şurası, Avropa Şurası Parlament Assambleyası, İslam Konfransı Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı qətnamələr qəbul etsələr də təcavüzkar Ermənistan həmin sənədlərə məhəl qoymur. Dağlıq Qarabağ münaqişəsində nümayiş etdiridiyi ədalətli mövqeyə görə Çexiya Respublikası rəhbərliyinə minnətdarlımızı bildiririk”.

Prşemısl Sobotka ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib: “Parlamentlər böyük siyasətdə səmərəli rol oynayırlar. Odur ki, parlamentlərarası münasibətlərimizin inkişafı hər iki tərəfin xeyrinədir.

Mənimlə Azərbaycana gəlmiş iş adamları azərbaycanlı həmkarları ilə geniş iş birliyi yaratmaq niyyətindədirlər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəlincə, bizim üçün dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipi olduqca vacib amildir. Dağlıq Qarabağ münaqişəsi çox ciddi problemdir. Hesab edirəm ki, hər bir münaqişə sülh yolu ilə həll olunmalıdır. Hərbi müdaxilə daha böyük fəlakətlərə səbəb ola bilər. Ona görə də bu münaqişə də sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmalıdır. Çexiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu siyasət dəyişməyəcəkdir”.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...