Modern.az

Azərbaycandakı partiyaların Türk dünyası şöbəsi varmı? - SORĞU

Azərbaycandakı partiyaların Türk dünyası şöbəsi varmı? - SORĞU

Analitika

Bu gün, 17:52

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində siyasi, iqtisadi və humanitar inteqrasiya proseslərinin sürətləndiyi bir dövrdə üzv ölkələrin siyasi partiyalarının Türk dünyası ilə əməkdaşlıq sahəsində fəaliyyət mexanizmləri də diqqət mərkəzinə çıxır. Qardaş Türkiyənin hakim partiyasında Türk dünyası ilə əlaqələrə cavabdeh ayrıca şöbənin fəaliyyət göstərməsi fonunda Azərbaycandakı siyasi partiyaların bu istiqamətdə hansı institusional imkanlara malik olduğu maraq doğurur. Azərbaycan partiyalarında Türk dünyası ilə bağlı ayrıca struktur bölmələrin olub-olmaması, eləcə də gələcəkdə belə qurumların yaradılması perspektivi ilə bağlı məsələni araşdırdıq.

Modern.az-a açıqlamasında deputat, hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Azər Badamov bildirib ki, həm Türkiyə, həm də digər türk dövlətləri ilə sıx və səmərəli əməkdaşlıq həyata keçirilir.
Onun sözlərinə görə, YAP-la Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtidar partiyaları arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə ikitərəfli qaydada müvafiq memorandumlar imzalanıb.

Deputat qeyd edib ki, Yeni Azərbaycan Partiyasında Türk dünyası ilə əməkdaşlıq üzrə ayrıca şöbə mövcud deyil.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa Türk dünyası ilə əlaqədar ayrıca struktura ehtiyac duymadıqlarını söyləyib:

“Təbii ki, türk birliyi hamımızın nizamnaməsində nəzərdə tutulur. Bu istiqamətdə fəaliyyət göstərmək də nəzərdə tutulur. Amma bizim dövlətimiz var. Dövlətimizin müəyyən mexanizmləri var ki, bu prosesi həyata keçirirlər. Dövlət bu funksiyanı yerinə yetirmədikdə siyasi təşkilatlar bunu bir hədəf olaraq, məramnaməsində ayrıca bənd kimi göstərib, bu istiqamətdə struktur yaradıb fəaliyyət nəzərdə tuta bilərlər. Hazırda mən buna zərurət görmürəm. Çünki dövlət qurumlarının bu istiqamətdə fəaliyyəti bizi qane edir. Siyasi partiyaların bu məsələdə həmrəyliyi və digər məsələlər nəzərdə tutula bilirsə, biz də bu prosesdə aktiv iştirak etməyə çalışarıq. Amma bütövlükdə belə bir qurum yoxdur. Bu istiqamətdə hər hansı partiya tərəfindən təklif də səsləndirilməyib. Təklif səslənərsə, bu istiqamətdə müzakirə aparmaq olar”.

Deputat, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədr müavini Tənzilə Rüstəmxanlı isə partiyada həm Türk dünyası, həm də Güney Azərbaycanla bağlı şöbənin fəaliyyət göstərdiyini qeyd edib:

“Böyük coğrafi arealı əhatə edən Türk dünyasının ortaq dəyərlərinin – dilin, adət-ənənələrin, milli ruhun əsrlərlə qorunub saxlanılması və müasir dövrümüzə qədər gətirilib çıxarılması tarixi nailiyyətdir. Əlbəttə, bu işdə vətəninə, torpağına, bayrağına bağlı aydınların danılmaz xidmətləri olub. Qürurla deyə bilərik ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının da adı bu sırada ön yerdədir. Bu səbəbdən VHP yarandığı gündən Türk dünyası ilə əlaqələrin qurulmasına böyük önəm verib. Partiyada həm Türk dünyası, həm də Güney Azərbaycanla bağlı şöbə fəaliyyət göstərir. Türk dövlətlərinin aydınları və partiyaları ilə əməkdaşlıq edilir. Partiya olaraq İraqda, Suriyada yaşayan türkman qardaşlarımızın da hüquqlarını, onların milli haqlarını hər zaman diqqətdə saxlamışıq. Mənim də rəhbərlik etdiyim Azəri Türk Qadınlar Birliyi 30 ildir Türk dünyasının birliyi istiqamətində fəaliyyətlər həyata keçirir. Biz bu işə VHP olaraq 34 il öncə başlamışıq”.

Deputat, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə gələcəkdə belə bir təşkilat yaratmağı düşündüklərini söyləyib:

"Türk Dövlətləri Təşkilatı sürətlə inkişaf edir. Üzv ölkələr arasında müxtəlif sahələr üzrə inteqrasiya sürətlənib. Bu, hər birimizi qürurlandıran, sevindirən hadisədir. TDT çoxqütblü olmaq yolunda irəliləyən dünyanın əsas qütblərindən birinə çevrilməlidir. Siyasi partiyalararası münasibətlərin yaxınlaşması əsas hədəflərdən biridir.

Bütövlükdə regionda, Türk dünyasında baş verən məsələlərin partiyalar tərəfindən mövqelər uzlaşdırılaraq müzakirə olunması və vahid siyasətin yürüdülməsi əhəmiyyətli məsələdir. Hələ ki elə strukturlaşmış təşkilatımız yoxdur. Amma ayrı-ayrılıqda istər Türkiyədə, istərsə də Özbəkistanda müxtəlif siyasətçilərlə əlaqələrimiz var.

Təəssüf doğuran bir reallığı qeyd etmək istəyirəm ki, Türkiyənin hakim partiyası yalnız hakim partiya ilə münasibətlərini yüksək səviyyədə qurub, digər partiyalarla əlaqələrdə isə maraqlı görünmür. Təbii ki, bu da təqdir ediləsi haldır. İstənilən halda bu, dövlətlərimiz arasında münasibətlərin daha da yaxınlaşmasına xidmət edən məsələdir.

Eyni zamanda dövlətçilik baxımından əhəmiyyətli fəaliyyətlə məşğul olan digər siyasi partiyalarla da əlaqələrin qurulmasında fayda var. Türkiyədə fəaliyyət göstərən digər partiyalarla, o cümlədən MHP və İYİ Partiya ilə əlaqələrimiz olub. İqtidar partiyasının yürütdüyü siyasət hesab edirəm ki, bizə daha yaxındır. Ayrı-ayrı siyasətçilərlə də əlaqələrimiz var.

Gələcəkdə AMİP-də də bu istiqamətdə strukturlaşmış təşkilatların yaradılmasına ehtiyac var. Bu məsələ partiya daxilində Siyasi Şuranın və digər qurumların kollegial müzakirələrində də təklif kimi irəli sürülüb. Yəqin ki, yaxın gələcəkdə bu məsələyə önəm verərək, strukturlaşmış qurumlar vasitəsilə Türk dünyasında fəaliyyət göstərən digər siyasi partiyalarla münasibətlərimizin daha əlaqəli şəkildə yaxınlaşmasına rəvac verən addımlar atacağıq. Bu məsələlərin sistemli şəkildə idarə olunmasına çalışacağıq".

Ümid Partiyasının sədri İqbal Ağazadə də hələ 2012-ci ildən Türk dünyası ilə əlaqələr üzrə müavinliyin fəaliyyət göstərdiyini deyib:

“Türk dünyası ilə sıx əlaqələrin olmadığı bir vaxtda Ümid Partiyasında ilk dəfə olaraq xaricdə yaşayan həmvətənlər və Türk dünyası ilə əlaqələr üzrə müavinlik yaradılmışdı. 2012-ci ildən bu yana həmin müavinlik fəaliyyətini davam etdirir. Biz də çalışırıq ki, bu istiqamətdə inteqrasiyaya və əlaqələrə öz töhfəmizi verək”.

Azad Vətən Partiyasının sədri Akif Nağı həm partiya, həm də fərdi qaydada Türk dünyasının inteqrasiyası istiqamətində addımların atıldığını vurğulayıb:

“Proseslər gedir. Türk dünyası, Turan bir araya gəlir. Bu istiqamətdə partiya olaraq müəyyən işlərimiz var. Həm də fərdi olaraq nümayəndələrimiz bu işdə iştirak edirlər. Mənim bu istiqamətdə məqalələrim dərc olunur. Azərbaycan tarixinin türk həqiqətlərinin, türk köklərinin yenidən gündəmə gətirilməsi, hamı tərəfindən qəbul olunması istiqamətində çalışmalarım var. Azərbaycan tarixi dərsləri də onlayn formatda keçirilir. TikTok platformasının imkanlarından da istifadə edirəm. Saytlarımızın birində Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid, qədim dövrdən bu günə qədər olan mərhələləri əhatə edən məqalələrim hissə-hissə dərc olunur. “Azərbaycan tarixi: qədim dövrdən bu günə qədər” adlı monoqrafiyam da çapdan çıxıb. İngilis dilində ABŞ-də Azərbaycan tarixinin qədim dövrdən erkən orta əsrlərə qədər olan hissəsi də nəşr olunub. Bunların hamısı türklüyün təbliğatı, Türk dünyasına verdiyimiz töhfələrdir. İşlərimiz davam edir. 2015-ci ildə biz Beynəlxalq Qarabağ Forumunu yaratmışdıq. Bu, bütün Türk dünyasının bu prosesə cəlb olunması demək idi. 2015-ci ildən 2024-cü ilə qədər həmin forum fəaliyyətini davam etdirdi. Sonradan forumun adını Qarabağ-Zəngəzur Forumu olaraq dəyişdik. Bununla da Qarabağda görülən işləri, Zəngəzur və Qərbi Azərbaycanla bağlı məsələləri Türk dünyasının gündəminə çıxardıq. Fərqli və irəliyə doğru addım kimi qiymətləndirilə biləcək fikir və təkliflərimiz də var. Yəqin ki, qısa zaman kəsiyində, təşkilati məsələlər həll olunduqdan sonra bununla bağlı açıqlamalarımız olacaq. Yəni bu istiqamətdə işlərimiz gedir. Hesab edirik ki, hər kəs – istər partiya, istər QHT, istərsə də hüquq müdafiəçisi olsun – öz imkanları daxilində dövlətimizin, millətimizin və Türk dünyasının ümumi işinə öz töhfəsini verməlidir. Biz də bu istiqamətdə müəyyən işlər görməyə çalışırıq”.

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli sorğumuza belə cavab verib:

“Türk dünyasının əməkdaşlığı və daha sıx inteqrasiyası müasir zamanın tələbidir. Bu, türk xalqları üçün həm özünü qorumaq, həm də inkişaf deməkdir. Çünki mövcud geosiyasi rəqabət müstəvisində bizim vahid mövqedən çıxış etməyimizin alternativi yoxdur.

Ədalət Partiyası Türk dünyasının inteqrasiyası üçün hər zaman iş aparıb. Hazırda mən XIII Türk Dünyası Araşdırmalar Simpoziumunda iştirak etmək üçün Moldovada – Qaqauziya Muxtar Respublikasının paytaxtı Komratdayam. Burada müxtəlif türk dövlətlərindən elm və mədəniyyət adamları iştirak edirlər. Məqsəd türk xalqları arasında anlaşmanı dərinləşdirməkdir. Mən də “Türk xalqlarının birləşməsi prosesində sosioloji problemlər” mövzusunda çıxış etdim.

Ədalət Partiyasında Türk dünyası ilə bağlı ayrıca struktur olmasa da, əlaqələr üzrə sədr müavini vəzifəsi var. Bu struktur həm beynəlxalq, həm də ölkədaxili əlaqələri koordinasiya edir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini ürəyindən "VURDULAR" - Rusiya q*an ağlayır - Gündəm Masada - Media Turk TV