Modern.az

Metroda çaxnaşma yaradan “özfəaliyyət”…

Metroda çaxnaşma yaradan “özfəaliyyət”…

1 Oktyabr 2009, 00:15

Sentyabrın 30-da günün sonuna yaxın Tarif (qiymət) Şurasının qərarı ilə Bakı metrosunda gedişhaqqı 5 qəpikdən 15 qəpiyə qaldırıldı. Tarif Şurasının qərarına əsasən, yeni tarif 1 oktyabr 2009-cu il tarixində saat 00:00-dan qüvvəyə minnməliydi. Amma yeni tarifin qüvvəyə minməsinə hələ 2-3 saat qalmış Bakı Metropoliteninin bəzi stansiyalarında sərnişinlərin kartlarına gediş yükləməyi və onlara təzə kart satmağı dayandırmışdılar. Modern.az-ın əməkdaşları da metronun “Nərimanov” stansiyasında yüzlərlə sərnişinlə bərabər bu cür qanunsuzluqla üzləşib.
Saat 22.00 radələrində “Nərimanov” stansiyasında kassaların qarşısında basabas yaranmışdı. Metroda gedişhaqqının qaldırılması xəbərini eşidən paytaxt sakinləri vaxtdan istifadə edib öz kartlarına heç olmasa 20 gediş yükləməyə çalışsalar da, (balansında 2 gedişdən az olan karta maksimum 1 manatlıq gediş yükləmək olar) “Nərimanov” stansiyasının rəisi və onun tabeliyindəki işçilər buna imkan vermirdilər. Bu aşkar qanunsuzluq həm də Metroda Polis İdarəsinin stansiyada qayda-qanuna nəzarət etməli olan polis zabitlərinin və sıravi heyət əməkdaşlarının gözü qarşısında baş verirdi. Doğrudur, ola bilsin ki, onlar stansiya rəisinin və kassa nəzarətçilərinin qanunsuz hərərkətinə cavabdeh deyildilər, amma fakt, belə hadisə baş verirdi. Polis yalnız “Nərimanov” stansiyasındakı qanunsuzluğa və  hüquqlarının pozulmasına etiraz səsini ucaldan vətəndaşlardan sakit olmağı tələb edirdi.
Stansiyadakı özbaşınalıq o həddə çatmışdı ki, kartında bircə gedişi olmayan və ümumiyyətlə kartsız sərnişinlərəri də geri qaytarırıdılar. Əsəblərini cilovlaya bilməyən, kobudluqla üzləşən bəzi sərnişinlər bundan sonra hətta “metoya minməyəcəyəm” deyib stansiyanə tərk edirdilər.
Modern.az-ın əməkdaşları həmin vaxt hadisə yerində olan, özünü stansiya rəisi kimi təqdim edən şəxsdən baş verənlərlə bağlı açıqlama istəsələr də, qarşı tərəf cavab verməkdən imtina edərək yalnız onu bildirib ki, belə göstəriş alıblar. Yeni tarifin qüvvəyə minməsinə hələ 2 saat qalmış “Nərimanov” stansiyasında sərnişinlərin kartlarına gediş yüklənməsinin dayandırılmasına kim göstəriş vermişdi? Biz inanmırıq ki, Bakı Metropolitenin rəhbərliyi  “Nərimanov” stansiyasında belə bir qanunsuzluğa şərait yaradılmasına göstəriş versin. Bunu ancaq stansiya rəhbərliyinin öz işçiləri ilə birgə özfəaliyyəti adlandırmaq olardı.
Qeyd edək ki, saat 22.30 radələrində “Nərimanov”da qanunsuzluğa etiraz edən sərnişinlərin sayının və kassaların qarşısında basabasın yarandığını görüb təşvişə düşən stansiya rəisi guya humanistlik etməyə çalışdı. Belə ki, o, turniketlərin qarşısında dayanan nəzarətçi qadınlara kartı olmayan və gediş kartındakı balansı “0” olan bəzi sərnişinləri perrona pulsuz buraxmaq göstərişi verdi. Bu da növbəti qanunsuzluq. Öz vəzifə səlahiyyətindən istifadə edən stansiya rəhbərliyi  dövlət obyektində şəxsi obyektindəki kimi davranırdı. Saat 22.45-də “Nərimanov”u tərk etdiyimizdən orada yaşananların sonrakı gedişindən xəbərimiz olmadı.
Onu da qeyd edək ki, metronun “Ulduz”, “Qara Qarayev”  stansiyalarında anoloji halla üzləşmədik. Deməli “Nərimanov”da şahidi olduğumuz hadisə yalnız özfəaliyyət idi. Görəsən Bakı Metropolitenin rəisi Tağı Əhmədovun bu özfəaliyyətdən xəbəri vardımı?...

 

“Modern.az”

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi