Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə sentyabr ayının 24-də Şəmkirdə, 25-də isə Gəncə və Tovuzda hesabat konfransları keçirilib.
Bu barədə Modern.az-a qurumdan məlumat verilib.
Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının üzvlərilə yanaşı, icra başıları, ziyalılar, şəhid valideynləri, gənclər və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.
Konfranslarda Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə çıxış edən rayon və şəhər icra hakimiyyətlərinin rəhbərləri tədbir iştirakçılarını salamlayaraq ölkəmizin ictimai-siyasi və mədəni həyatında ağsaqqalların göstərdikləri dəyərli xidmətlərdən bəhs ediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə yaşlı nəslə göstərilən qayğının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu diqqətə çatdıraraq ağsaqqallara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonra Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədovun, Gəncə Şəhər Ağsaqqallar Şurası sədrinin birinci müavini Zabit Xəlilovun və Tovuz Rayon Ağsaqqallar Şurasının sədri Məzahir Bayramovun hesabat dövrü ərzində görülən işlər və qarşıda duran vəzifələr barəsində məruzələri dinlənilib.
Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şuranın respublikamızın 80 şəhər və rayon təşkilatında fəaliyyət göstərən 35 mindən çox üzvünün öz ağsaqqallıq missiyalarını uğurla həyata keçirdiklərini, qurumun Türk dünyasında, eləcə də Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasında yüksək səviyyədə təmsil olunduğunu vurğulayıb. O bildirib ki, dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın göstərdikləri yüksək səylər sayəsində doğma Qarabağla yanaşı, Vətənimizin hər bir guşəsi gündən-günə inkişaf edir.
Çıxışının sonunda hesabat dövrü ərzində görülən işləri ümumilikdə qənaətbəxş qiymətləndirən Bayram Yusifov bütün müsbət keyfiyyətlərin daşıyıcıları olan müdrik ağsaqqallarımıza daha da ictimai fəal olmağı, öz dəyərli fəaliyyətlərini davamlı həyata keçirməyi tövsiyə edib və onlara möhkəm cansağlığı, uğurlar arzulayıb.
Şəmkirdə keçirilən hesabat-seçki konfransında Bilal Məmmədov açıq səsvermə yolu ilə yenidən təşkilatın sədri seçilib, rayonun nüfuzlu ağsaqqalarından ibarət İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb.