06Avqust | Ana Səhifə - Yazılar - Eldənizin 45-i də çıxdı. Nə olsun?
Eldənizin 45-i də çıxdı. Nə olsun?

Mahir QABİLOĞLU


Bilənlər yazımın adındakı analogiyanı həmən tutdular. Amma ağızlarını da büzdülər ki, “bəs bu sərlövhə indi heç yerinə düşmədi. Eldənizin 40 yaşına yazdığın “Eldəniz Elgünün 40-ı çıxdı” təbrikində, təkcə adla hardasa intriqa, maraq, həyəcan, təəssüf, onu istəməyənlər üçün bir məmnunluq hissi yarada bilmişdin. Amma 45 yaş nə yaşdır ki, hələ bir onu sərlövhəyə çıxarıb, üstəlik yazı da həsr edəsən. Ümumi götürəndə yubiley məqalələri 50 yaşdan sonra yazılmalıdır. 40, 45 nə vaxtdan belə böyük yaş oldu ki? Modern.az-ın təbirincə “Eldəniz Elgün üçün özəl gün” yazsaydın yenə başa düşərdik”.

Əslində düz deyirsiniz. İkincisi də ki, yubiley məqalələrində nə maraqlı şey ola bilər ki, hələ bir onu oxuyasan da... Tərif, yalnız tərif. Atam Qabil demişkən “yubiley yazıları yubiley banketində əlində piyalə dediyin təbrik sağlığına oxşayır”.

Bəs bütün bunları bilə-bilə məni nə məcbur etdi ki, bu yazını qələmə alım? Dostluq münasibətlərimi? Ola bilər. Bəlkə də Eldənizin 45 yaşı içimdə yığılıb qalan bəzi məsələləri ictimailəşdirmək üçün mənə bir bəhanə verdi. Bundan yararlanmamaq isə...  

Eldənizin 40-ına həsr etdiyim məqalədə 21 illik jurnalist həyatındakı olaylardan bəhs etmişdim. Bəs 40-dan 45-ə qədər son beş ildə hansı hadisələr baş verib ki? Bütün bunlar da olsun üç-dörd cümlə: ANS-də işləyirdi. “Beş barmaq” kimi verilişin müəllifi, “Nəzər nöqtəsi”nin isə aparıcısı oldu. ANS bağlanandan sonra “10may.az” saytı açdı. Daha sonra “Space”də, indi isə Real TV-də işləyir. Şəxsi həyatda isə yaddaqalan iki hadisə baş verib. Biri sevincli, biri isə qəmli. Qızı Aysunun Türkiyədə ali məktəbə daxil olmasına sevindik, atası Mayılın vəfatına isə kədərləndik. Vəssalam. Bu qədər.

Yox. Elə bilməyin ki, bu məqamda təbriklərimi çatdırıb, yazımın nöqtəsini qoyacağam.  Baş verənlər çoxdur. Və bunlar Eldənizi qurd kimi içindən yeyir. Zahirən arıq, türk dilində ifadə etsək “cücə” olması bu qurdların fəaliyyətinin nəticəsi deyil. Çingiz Aytmatovun manqurtlarına daha çox bənzəyir Eldənizi yeyən qurdlar. Və bu qurdlar təkcə jurnalistikada deyil. Ürəyinizi çox çəkməyim. Son beş ildə nəzərimi çəkənlərdən yazım və siz də xali olun. Amma oxuyandan sonra deməyin ki, bunu bilirdik – Amerika-zad açmamısan. Bilirsinizsə lap yaxşı. Amma gərək yazmaqda məni qabaqlayaydınız.

Yazılarımda müqayisələrdən çox istifadə edirəm. Haşiyələr də ki, öz yerində. Burda da lap yerinə düşər.

AzTV-yə işə düzələndə ona rəhbərlik etmiş sədrləri hər gün xatırlayırdılar. Onlar haqqında lətifəyə dönmüş əhvalatlar dilə gəlirdi. Bir nəfərin uzun sədrlik dövründən bir məsəl də tez-tez xatırlanırdı: “Na ekran – çerez divan”. Rus dilini bilməyənlər üçün tərcümə yox, izah edim. Kim televiziya ekranına çıxmaq istəyirdisə sədrin divanında “sınaqdan keçməliymiş”. Əlbəttə ki, söhbət gözəl, bacarıqlı, savadlı, bilikli, amma arxası olmayan, yeni, gözəl həyata can atan, bu yolda hər şeyə hazır olan bəzi qadın aparıcılardan, gözəl səsi olan  bəzi qadın müğənnilərdən gedir. Məni böhtanda, şər atmaqda suçlaya bilərsiniz. Düz də edərsiniz. Axı bu heç hiss olunmurdu. Çünki ekrana divandan keçən yolda əsas meyar gözəllik, fiquranın qəşəngliyi, tərbiyənin yuxarı-aşağı olması yox, əsas istedad idi. Elə təsəvvür etməyin ki, sədrin qəbul otağında növbə dayanmışdı. O da televiziyaya yox, hərəmxanaya rəhbərlik edirmiş. Əsla. Sədr də bilirdi ki, kimə göz qoyurdu. Əvvəlcə həmin adamı adi işçi kimi ştata salırdı, qocamanlara tapşırırdı ki, onunla məşğul olub peşəkar etsinlər, sonra tez-tez otağına çağırırdı. Ezamiyyətlər olanda nümayəndə heyətinə salırdı. Efirə çıxaracağı barədə fikirlər səsləndirirdi. Bu təkliflərə şirniklənib divana uzananlar da olurdu, stolun üstündəki papkanı götürüb sədrin başına çırpan da. Sözümün canı budur ki, təklif söz sahibindən gəlirdi. Azərbaycanda televiziya bir dənəydi. Müasir dövrdə isə televiziyaların sayı çox...

 

HAŞİYƏ:  Cavan qız jurnalist olmaq arzusuyla yanır. Daha dəqiq desək efirdə görsənmək istəyir. Gəlir işə düzəlməyə. Dialoq isə təqribən belə olur.

- Təhsiliniz?
- Texnikumu bitirmişəm.
- İxtisasınız?
- Lülə kababın hazırlanması texnologiyası.
- Arzunuz?
- Efirə çıxmaq istəyirəm.
- Efirə çıxmaq belə asandırmı?
- Öyrənərəm də... Hal-hazırda yaxşı mikrofon tuta bilirəm. Siz nə desəniz o olacaq. Hər tapşırığınıza hazıram.
- Yaxşı. Bir ay sınaq müddətinə götürürəm səni. Görüm özünü necə aparacaqsan. Yaxşı aparsan ştatdasan. Pis aparsan... Görürsən də qapıdakı növbəni. (SON)

 

...Jurnalistika fakültəsini bitirənlər isə az. Məzunlardan isə bu yolu davam etdirənlər daha az. Savadsızlar, heç nədən başı çıxmayanlar, qısayubkalı qızlar, qulağısırğalı, əzilib büzülə-büzülə danışan oğlanlar meydan sulayır.

 

HAŞİYƏ: 2019-cu il. Baş redaktor sınaq müddətinə götürülən müxbirlərdən birinə tapşırıq verir:

- Sabah efirə “91-lər”dən süjet getməlidir. Hazırlayın!
- Başüstə, – deyib gənc otaqdan çıxır. Bir az keçməmiş qayıdır.
- Nə sözün var?
- İnternetdən baxdım. 91 nəfərdirlər. Onların ikisindən müsahibə almaq istərdim. Süjetin yaxşı çıxması üçün.
- Kimlərdən?
- Ziya Bünyadovdan. Bir də Həsən Mirzəyevdən... (SON)

 

HAŞİYƏ: “Bizim Cəbiş müəllim” filminin qəhrəmanı, xalq artisti Süleyman Ələsgərov barədə verilişə baxıram. Onun adını çəkəndə, kadrlarda bəstəkar, xalq artisti Süleyman Ələsgərovun şəklini göstərirlər... (SON)

 

Yox. Elə bilməyin ki, jurnalistika fakültəsi deyəndə təkcə BDU nəzərdə tutulur. O qədər özəl universitet var ki, diplomlu jurnalist yetişdirir. Çoxuna adamın heç jurnalist deməyə dili də gəlmir.

 

HAŞİYƏ: Özəl universitetlərdən birinin axırıncı kurs tələbələri dövlət qəzetlərindən birinə təcrübəyə gəliblər. Özlərinin arzusuna, maraq dairəsinə görə onları şöbələr üzrə bölüblər. Mədəniyyət və incəsənət şöbəsinin müdiri soruşur:

- Mədəniyyətin hansı sahəsinə daha çox maraq göstərirsinizsə ondan da yazın.
- Müəllim, mən teatrı çox sevirəm, – deyə tələbələrdən biri səslənir.
- Lap gözəl. Axşam get Akademik Milli Dram Teatrına. Hansı əsər oynanılırsa bax və fikirlərini kağıza köçürt. Yaxşı olsa, qoyarıq səhifəyə.
- Başüstə, müəllim. Bir sual verə bilərəm?
- O dediyiniz Akademik teatr harda yerləşir? (SON)

 

İndi deyəcəksiniz ki, Mahir düşüb bu cavanların üstünə. Bilir ki, cavab verməyəcəklər, elə hey döşəyir bunlara. Hünəri varsa yaşlılardan, peşəkarlardan da yazsın. Nə deyirəm ki... Yazın deyirsiz, yazım da...

Mətbuatda, televiziyada işləyən peşəkarlar üçün jurnalistika əsas qazanc mənbəyidir. Çörəkləri burdan çıxır. Kimisi yaxşı maaş alır, kimisi reketlik edir. Amma son nəticədə nəsə bir yazı ortaya qoyulur. Ancaq son illər onlar da iki cəbhəyə bölünüblər: Ev, fəxri ad alanlar və almayıb deyinənlər.

 

HAŞİYƏ: Şöbə müdiri otağa girir.

- Filankəs, redaktor dedi ki, filan mövzunu sən işləməlisən.
- Mən niyə? Evi filankəsə verir, əməkdar jurnalistlik, “Tərəqqi” medalı üçün Prezident Aparatına təqdimatı filankəs üçün yazır, məqalə yazmağa gələndə yadına mən düşürəm? Yazmıram!
- Axı o bu gün işə gəlməyib? Soyuq dəyib, xəstələnib.
- Nə oldu? Xruşşovkada yaşayanda heç xəstələnmirdi. Təmirli, kombi işləyən mənzildə ona soyuq dəydi? (SON)

 

İndi deyəcəksiniz ki, axı hamı belə “buntar” deyil. Sakitcə başını aşağı salıb, ev, fəxri ad almaq arzusunda olanlar da var axı? Düz deyirsiniz. Yaxşı ki, yadıma saldınız.

 

HAŞİYƏ: İki əməkdaş oturub söhbət edir:

- 300-400 manata dolanmaq olar?
- Çıx işdən. Get bundan da yaxşı iş tap. Səni məcbur saxlayan var?
- Vallah bu gün rədd olub gedərəm. Görüm gələn il jurnalistlər üçün tikilən binadan mənzil ala bilirəm? Adıma olan evi, bağı keçirmişəm qızın adına. Ərə gedəndən sonra familiyasını dəyişib. Çətin duyuq düşələr. İndi isə öz evimdə kirayə qalıram – “dokumentalnı-sübutalnı”.
- Düz deyirsən. Gələn il həm də mətbuatın 145 illiyidir. Mənə ev veriblər birinci binadan. Əməkdar jurnalistlik də alsaydım əla olardı. Ayda 100 manat da puldur da... Ondan sonra rədd olub gedərdim mən də... Bir gün də qalmaram. (SON)

 

İndi məni qeyri-səmimilikdə qınayacaqsınız. Deyəcəksiniz ki, axı hamı belə deyil. Təmiz, abırlı, həyasına qısınıb işləyən jurnalistlərimiz də var axı? Hamı işbaz, yağlı əppək, ortada yeyib, qıraqda gəzən deyil. Düz deyirsiniz.

 

HAŞİYƏ:  İki yaşlı jurnalist söhbət edir:

- Yadındadır da 90-cı illər?
- Hə.
- Sinəmizi qabağa verib dövlətçiliyimizi müdafiə edirdik. Bunlar isə söyürdülər.
- Sən o vaxtdan danışma, indidən danış.
- Yandırıb-tökmə də məni. Axı nə danışım? Ana müxalifət qəzetlərində işləyənlərdən biri AzTV-nin sədr müavini oldu – bunu deyim? O biri departament sədri qoyuldu – bunu deyim? Çoxuna Əməkdar jurnalist adı, mənzil verdilər...
- Bunu demə. Yaramın qaysağını qoparma. “Əməkdar jurnalist verdilər” çox yavaş səsləndi. “Əməkdar jurnalist nişanını prezident şəxsən özü təqdim etdi” de.
- Hələ deputat olanları demirəm.
- Sən Allah danışma. Vaxtında bilsəydik biz də... (SON)

 

Bu qədər. Eldəniz Elgünün 45-i də belə çıxdı. 40-dan sonrakı 5 ilinə ekskursum da beləcə başa çatdı. Çox şeyləri unutdum? Bəlkə yazmaq istəmədim? Yox. Haşiyələri artıra da bilərdim. Amma qurd hələ onun içini tam yeyib qurtarmayıb. Üçüncü bina istifadəyə veriləndən sonra hər şey yoluna düşəcək. Xalislər, xaslar yenə də qalıb işləyəcəklər. Onlar haqqında danışanda deyiləcək: “Aldığı mənzil, fəxri ad, medal halalı olsun. Layiqdir. Kim almayıbsa, Allah qismət eləsin”.

Eldənizə gəldikdə isə... Peşman deyil 1991-ci ildə jurnalistikaya gəlməsindən, qaynar hadisələrin tam mərkəzində olmasından. Lap sabah mənzil də alsa, halalı olan fəxri ada, medala layiq görülsə də, heç yana çıxıb gedəsi deyil. Çünki balıq sudan kənarda heç vaxt yaşaya bilməz.

Jurnalist fəaliyyətinə “Hikmət” qəzetindən başlayan, “Ulu Göyçə”, “Belə-belə işlər” qəzetlərində redaktor, şöbə müdirinin müavini işləyən, Azərbaycan Dövlət radiosunda şöbə müdiri, ANS televiziyasında redaktor, layihə rəhbəri, aparıcı,  “P.S.” qəzetində baş redaktor, “Space” televiziyasında baş redaktor, direktor, departament rəhbəri, “Unikal” qəzetində baş redaktor, 10may.az saytının təsisçisi və baş direktoru, “Cəmiyyət” qəzetinin baş redaktoru kimi məsul vəzifələrdə çalışan, bu gün isə Real Televiziyasında redaktor, peşəkar telejurnalist kimi gözəl verilişlərə imza atan  Eldəniz Elgünü – dostum Eldənizi sonda 45 yaşı münasibətilə təbrik edirəm.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Xəzərdə 43 yaşlı kişi boğazından bıçaqlandı 13 Dekabr 2019, 00:57 “Qarabağ” 3 milyon 870 min avro qazandı 13 Dekabr 2019, 00:44 "Nəticəyə görə təəssüflənirik" - Baş məşqçi 13 Dekabr 2019, 00:31 "Yeni parlamentdə çoxpartiyalılıq olacağına ümidliyik" - Elçin Ağamalı 13 Dekabr 2019, 00:17 Azərbaycan nefti ucuzlaşır 12 Dekabr 2019, 23:59 “Qarabağ” Avroliqanı qrup üçüncüsü kimi tərk etdi 12 Dekabr 2019, 23:47 Bakının mərkəzində 2 bıçaqlı şəxs insanlara hücum etdi - FOTO, VİDEO 12 Dekabr 2019, 23:41 Ukrayna Prezidenti Azərbaycana gələcək 12 Dekabr 2019, 23:29 ABŞ Senatı erməni soyqırımını tanıdı 12 Dekabr 2019, 22:47 TAP layihəsinin 90,7 faizi reallaşdırılıb 12 Dekabr 2019, 22:42 İmişlidə yük və minik maşını toqquşdu: ölən var 12 Dekabr 2019, 22:30 Elmar Məmmədyarov Latviya prezidenti ilə Qarabağdan danışdı 12 Dekabr 2019, 22:16 Heydər Əliyev Həştərxanda da anılıb - FOTOLAR 12 Dekabr 2019, 21:44 Ankarada şagirdlər Azərbaycan himnini işarət dilində səsləndirdilər - VİDEO 12 Dekabr 2019, 21:39 Latviya Qarabağ münaqişənin sülh yolu ilə həllində Azərbaycanı dəstəkləyir 12 Dekabr 2019, 21:36 Gürcüstanın Baş prokuroru istefa verdi 12 Dekabr 2019, 21:20 Bakı-Məşhəd aviareysi açılır 12 Dekabr 2019, 21:07 Bakıda 102 evə ilk dəfə  təbii qaz verildi 12 Dekabr 2019, 21:04 “Qarabağ” “Düdelanj”a qarşı bu heyətlə oynayacaq 12 Dekabr 2019, 20:51 ABŞ Çinlə ticarət sazişini imzalayır 12 Dekabr 2019, 20:37 Yol polisindən piyadavurmaların qarşısını alacaq YENİLİK - VİDEO 12 Dekabr 2019, 20:20 Bu məhsullar bahalaşdı - SİYAHI 12 Dekabr 2019, 20:10 Abşeronda villa yandı 12 Dekabr 2019, 19:59 Heydər Əliyevin xatirəsi Belqradda anıldı 12 Dekabr 2019, 19:47 Messi “El Klassiko”nu gözləyir 12 Dekabr 2019, 19:33 AŞPA Azərbaycanda keçiriləcək parlament seçkilərini müzakirəyə ÇIXARIR 12 Dekabr 2019, 19:09 UEFA-dan “əsgər salamı” qərarı 12 Dekabr 2019, 18:56 Goranboyda məktəblini maşın vurdu 12 Dekabr 2019, 18:36 Həştərxanın qubernatoru Nərimanovda olub 12 Dekabr 2019, 18:29 102 FM tezliyi üçün sənəd qəbulu başa çatdı - 5 iddiaçı var 12 Dekabr 2019, 18:17 Finlandiyanı qadınlar idarə edəcək - Zərif məxluqlar əsas POSTLARDA 12 Dekabr 2019, 18:03 Elmar Məmmədyarov Latviya Prezidenti ilə görüşüb 12 Dekabr 2019, 17:40 Səhhəti pisləşən xalq artistindən XƏBƏR VAR 12 Dekabr 2019, 17:32 Dollar və manatın sabahkı MƏZƏNNƏSİ 12 Dekabr 2019, 17:29 Bibiheybət yolu nə zaman təmir olunacaq? 12 Dekabr 2019, 17:12