Modern.az

İlham Əliyev Filarmoniya bağındakı yenidənqurma işləri ilə tanış olub

İlham Əliyev Filarmoniya bağındakı yenidənqurma işləri ilə tanış olub

7 Oktyabr 2009, 19:45

Prezident İlham Əliyev oktyabrın 7-də paytaxtın Filarmoniya bağında aparılmış əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub.Dövlət başçısını xanımı Mehriban Əliyeva da müşayiət edib.
Ölkə başçısına məlumat verilib ki, 1830-cu ildə İçərişəhərin qala divarına bitişik ərazidə salınan və uzun müddət qədim Bakının yeganə istirahət məkanı olan Filarmoniya bağının maraqlı tarixi var. XIX əsrin əvvəllərində Bakının komendantı İrandan gələn bütün gəmi sahiblərinin qarşısına hərəyə bir çuval qara torpaq gətirmək barədə şərt qoymuşdu. Gətirilən torpağın tökülüb yayıldığı bu ərazidə bitkilərin çeşidi zənginləşdirilir, beləliklə də bağ şəhərin “yaşıl adası”na çevrilir. XIX əsrin 60-70-ci illərində bu bağın ərazisi xeyli genişləndirilib. Ötən əsrin əvvəllərində isə Şəhər Dumasının qərarı ilə bu ərazidə indiki Filarmoniya binasının tikilməsi o vaxtlar Qubernator bağı adlanan istirahət guşəsinin şöhrətini daha da artırıb, əraziyə xüsusi yaraşıq verib. Sahəsi 4,6 hektar olan bu bağ əvvəlcə Qubernator, sonra Mixaylov bağı adlanıb. O vaxtlar da bu bağa digərlərindən daha çox diqqət və vəsait ayrılıb. Çünki bağdakı sıx yaşıllıq Şəhər Dumasının fəxri idi.
Bağ salınandan sonrakı dövrdə ilk dəfə burada abadlıq işləri ötən əsrin 70-ci illərində aparılıb. Uzun inkişaf mərhələsi keçən bağ bir çox dövrlərdə baxımsızlıqdan ziyan çəkib.
Prezident İlham Əliyevin göstərişindən sonra bağda yenidənqurma işləri aparılıb. Aparılmış yenidənqurma işləri nəticəsində Filarmoniya bağı da Bakının digər parkları kimi paytaxt sakinlərinin maraqlı istirahət yerinə çevrilib.
Bağdakı fəvvarə, pavilyon və köşklər yenidən qurulub, XIX əsr paytaxt memarlığının Qərb meyillərinin Şərq üslubu ilə uzlaşdırılması bağın dizaynına xüsusi yaraşıq verir. Bağın özünəməxsus bitki örtüyü olduğu kimi qorunub saxlanılıb, yenidənqurma mərhələsində yaşıllıq zolağının artırılmasına daha çox diqqət yetirilib. Yenidənqurma prosesində Bakının tarixi, onun keçmişi ilə sıx bağlı olan bağın bədii tərtibatı xüsusi diqqətdə saxlanılıb. 1865-ci ildə burada əkilən dekorativ bitkilər öz gözəlliyi ilə diqqəti çəkir, yeni ağac və gül kolları da bağdakı yaşıllıq zolağına, ümumilikdə isə park elementlərinə əlavə rəng qatır. Yenidənqurma zamanı burada nadir ağac növləri - palıd, sidr və göyrüş ağacları əkilib, yeni suvarma sistemi quraşdırılıb.
Bağda yeni planlaşdırma işlərinin aparılması və bu prosesə xarici mütəxəssislərin də cəlb olunması ilk növbədə burada görülən işin keyfiyyətindən xəbər verir. Fransanın “İnter Art” şirkətinin məxsusi olaraq layihələndirdiyi bağda orijinal formada tikilən fəvvarə Bakıda ilk dəfə məhz burada yerləşdirilib. Fəvvarə və onun arxasındakı memarlıq tikilisi həm dizaynına, həm də koloritinə görə, Bakının nostalji hissləri doğuran elementlərinin bir yerdə cəmləşdiyi məkan kimi diqqəti çəkir. Bakıda ilk dəfə olaraq bu bağda klassik musiqi səsləndiriləcəkr.
Dövlət başçısının və xanımının diqqətinə çatdırılıb ki, bağda bərpa və yenidənqurma işləri ilə yanaşı, arxeoloji qazıntılar da aparılıb. Ərazidə İçərişəhərin ikinci qala divarı və qala qapısı da aşkar olunub.
Bağla tanışlıqdan sonra Prezident İlham Əliyev burada yenidənqurma işlərinə cəlb olunmuş Fransanın “İnter Art” şirkətinin nümayəndələri ilə görüşüb, işləri yüksək səviyyədə yerinə yetirən mütəxəssislərə uğurlar arzulayıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir