Modern.az

Kütləvi zəhərlənmə: 100-dən çox uşaq xəstəxanaya düşdü

Kütləvi zəhərlənmə: 100-dən çox uşaq xəstəxanaya düşdü

Dünya

Bu gün, 23:37

Gürcüstanın paytaxtı Tbilisidə bir neçə uşaq bağçasında baş verən kütləvi zəhərlənmə nəticəsində 100-dən çox uşaq xəstəxanaya yerləşdirilib.

Modern.az xəbər verir ki, bunu Gürcüstanın səhiyyə naziri Mixail Sarcveladze açıqlayıb.

Nazirin sözlərinə görə, ilkin olaraq eyni zəhərlənmə əlamətləri ilə 56 uşağın xəstəxanaya müraciət etdiyi bildirilmişdi.

“Xəstəxanaya yerləşdirilməsi zəruri olan uşaqların sayı 100-dən çoxdur. Xoşbəxtlikdən, onların vəziyyəti ağır olmayıb və ağırlaşma riski yaratmayıb”, – Sarcveladze deyib.

Kütləvi zəhərlənmə ilə əlaqədar Tbilisidəki 190 məktəbəqədər təhsil müəssisəsindən 7-si fəaliyyətini dayandırıb. Bu barədə Tbilisi Uşaq Bağçaları Agentliyi məlumat yayıb.

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti hadisə ilə bağlı genişmiqyaslı araşdırmaya başlayıb. İstintaq çərçivəsində uşaq bağçalarını ərzaqla təmin edən şirkətlərdə axtarışlar aparılıb.

İlkin ehtimallara görə, zəhərlənməyə bağçalarda uşaqlara verilən qida vasitəsilə orqanizmə daxil olan bakterial infeksiya səbəb ola bilər. İntoksikasiyaya konkret hansı məhsulun səbəb olduğu ekspertizanın nəticəsindən sonra müəyyənləşdiriləcək.

Bağçaların ərzaq təminatını tender yolu ilə seçilən özəl şirkətlər həyata keçirir.

İstintaq Xidməti araşdırmanın davam etdiyini bildirib. Zəhərlənmə hallarının qeydə alındığı bağçalardan ərzaq məhsulları, sənədlər və iş üçün əhəmiyyətli digər sübutlar götürülür.

İlkin nəticələr əldə edildikdən sonra İstintaq Xidməti və Qida Agentliyinin araşdırmanın nəticələrini açıqlayacağı bildirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı