Türkiyənin Cümhuriyyət Xalq Partiyasından (CHP) Bolu bələdiyyəsinə başqan seçilən Tanju Özcan "Millət İttifaqı"na daxil olan Gələcək Partiyasının lideri Əhməd Davudoğlunu tənqid edib.
Modern.az xəbər verir ki, buna səbəb Davudoğlunun tvitter paylaşımı olub.
Belə ki, Davudoğlu tvitter hesabında partiya qərargahında deputat mandatı qazanmış üzvlərlə görüşü barədə paylaşım edib.
"Partiya qərargahımızda millət vəkillərimizlə ilk görüşümüzü həyata keçirdik. Xeyirli-uğurlu olsun!",- o yazıb.
CHP-nin bələdiyyə başqanı Tanju Özcan buna ironik şəkildə reaksiya verib: "Davudoğlunu təbrik edirəm. 10 deputatı səssiz qazandı".
Tanju Özcan cavab paylaşımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bildirilib ki, Davudoğlunun partiyası CHP-nin siyahısına qoşulduğuna görə 10 deputat mandatı qazanıb.