Belarus ordusu “Vaqner” özəl hərbi şirkəti ilə birgə təlim keçirir.
Modern.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
Həftə ərzində Belarusun xüsusi əməliyyat qüvvələrinin bölmələri Brestski poliqonunda "Vaqner" üzvləri ilə döyüş hazırlığı tapşırıqlarını yerinə yetirəcəklər.
Xatırladaq ki, “Vaqner” iyunun 24-də Rusiyada silahlı qiyama cəhd göstərib. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib.
Rəsmi məlumata görə, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında Priqojinə qarşı açılmış cinayət işinə xitam veriləcəyini, onun Belarus ərazisinə məskunlaşacağını deyib.