Türkiyə İsrail-Fələstin münaqişəsinin həllində vasitəçi olmağa, o cümlədən bu ölkələrin liderlərinin görüşünü təşkil etməyə hazır olduğunu bəyan edib.
Modern.az xəbər verir ki, bu barədə “Ria Novosti”yə Ankaradakı diplomatik mənbə bildirib.
Qeyd edilib ki, rəsmi Ankara diplomatik kanallar vasitəsilə İsrail və Fələstin tərəfini də vasitəçiliyə hazır olması barədə məlumatlandırıb.
"Dünən cənab Prezident Rəcəb Tayyib Ərdoğan İsrail və Fələstinin liderlərilə telefon danışığı apardı. Deyə bilərəm ki, bu, çox konstruktiv danışıqlar idi. Cənab prezident tərəfləri atəşkəsə və danışıqları bərpa etməyə çağırdı. Öz növbəsində, diplomatik kanallar vasitəsilə tərəflərə Ankaranın liderlərin görüşünün təşkili də daxil olmaqla istənilən növ vasitəçilik etməyə hazır olduğu bildirilib”, - agentliyin həmsöhbəti deyib.
Onun sözlərinə görə, Ankaranın diplomatik missiyası münaqişənin həlli üçün Qərb tərəfdaşları ilə əlaqələri davam etdirir.
“Biz tərəfdaşlarımızı münaqişənin coğrafiyasının genişləndirilməsi təhlükəsi barədə xəbərdar edirik ki, bu, gözlənilməz nəticələrə gətirib çıxara bilər”, - mənbə vurğulayıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün respublikanın yüz illik tarixində ölkədə tikilmiş ilk kiləsinin açılışı zamanı çıxış edib. Çıxışı zamanı Ərdoğan həm də Qəzzada baş verən qanlı hadisələrə toxunub.
O deyib ki, Ankara israillilər və fələstinlilər arasında döyüşün dayandırılması üçün diplomatik səylərini artıracaq.
Ərdoğan bir daha vurğulayıb ki, Fələstin probleminin həlli iki dövlət prinsipindədir.
Reuters agentliyi yazır ki, Türkiyə gərginliyin diplomatik yolla azaldılmasında vasitəçilik etməyə hazır olduğunu bildirir.
Ərdoğan İstanbulda etdiyi çıxışda hər iki tərəfi münaqişəni qızışdıra biləcək addımlardan çəkinməyə çağırıb.
O deyib ki, Yaxın Şərqdəki bütün problemlərin kökündə İsrail-Fələstin münaqişəsi dayanır:
"Bu məsələ ədalətli həllini tapmayana qədər bizim regionumuz sülh həsrəti ilə yaşayacaq. Bu mənada biz həmişə vurğulamışıq ki, iki dövlət perspektivinin saxlanması çox mühümdür”.
Oktyabrın 7-də səhər saatlarında İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan əlavə, HƏMAS döyüşçüləri kütləvi raket hücumlarından sonra İsrailin cənubundakı sərhəd bölgələrinə nüfuz ediblər.
Fələstinin HƏMAS hərəkatının hərbi qanadı “Əl-Əqsa” İsrailə qarşı “Tufan” əməliyyatı elan edib. İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı “Dəmir qılınclar” əməliyyatına başladığını elan edib. İsrailin baş naziri Binyamin Netanyahu xalqa müraciətində ölkənin müharibə vəziyyətində olduğunu bildirib və ehtiyatların geniş şəkildə səfərbər edilməsi əmrini verdiyini deyib.
“Haaretz” nəşri xəbər verir ki, İsrail-Fələstin münaqişəsinin kəskinləşməsi nəticəsində İsrail sakinləri arasında ölənlərin sayı 900-ə çatıb.
Fələstin tərəfinin məlumatlarına görə, İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 687 nəfərə çatıb.
“Əl-Qəssam Briqadaları” (HƏMAS-ın hərbi qanadı) bildirib ki, 100-dən çox İsrail vətəndaşı, o cümlədən yüksək rütbəli hərbçilər Qəzza zolağında əsir götürülərək saxlanılıb.
A.Qorxmaz