ABŞ-da qatı duman səbəbindən 158 avtomobil toqquşub.
Modern.az xəbər verir ki, AP-nin məlumatına görə, qəza nəticəsində 7 nəfər həyatını itirib.
Belə ki, ABŞ-ın Luiziana ştatında 158 avtomobil bataqlıq yanğınlarının tüstüsü ilə ağırlaşan qatı duman səbəbindən zəncirvari qəza törədib. 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qəza Maurepas bataqlıq əraziləri və Ponçartreyn gölünün üzərindən keçən Yeni Orlean yaxınlığında baş verib.
Luiziana ştatı polisi xilasedicilərin avtomobil qalıqlarını təmizləməyə davam etdiyi üçün həlak olanların sayının arta biləcəyi barədə xəbərdarlıq edib. Məlum olub ki, toqquşma nəticəsində 1 avtomobil magistralın hasarını aşıb və suya düşüb, lakin sürücü sağ qalıb.
Hazırda yolda həm şimala, həm də cənuba doğru kilometrlərlə tıxac var. Qəza yerində qalan sürücüləri çıxarmaq üçün texnika cəlb olunub.