Modern.az

İsrail atəşkəsə "YOX", taktiki kiçik fasilələrə "HƏ" deyir

İsrail atəşkəsə

Dünya

7 Noyabr 2023, 09:18

İsrail baş naziri Benyamin Netanyahu Qəzza zolağına yardımların daxil olmasını və girovların ərazidən çıxmasını asanlaşdırmaq üçün "taktiki kiçik fasilələri" nəzərdən keçirəcəyini bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, ABC televiziyasına müsahibəsində danışıb. Buna baxmayaraq, Netenyahu ümumi atəşkəs çağırışlarını yenidən rədd edib.

 

O, İsrailin HƏMAS liderlərini məhv edəcəyinə söz verib. Netanyahu İsrailin müharibədən sonra "qeyri-müəyyən müddətə" Qəzza zolağında təhlükəsizlik məsuliyyətinə ehtiyac duyacağını düşündüyünü vurğulayıb. İsrailin əsas müttəfiqi ABŞ tərəfindən dəstəklənən döyüşlərdə humanitar fasilələrlə bağlı suala cavab olaraq Netanyahu deyib ki, ümumi atəşkəs onun ölkəsinin müharibə səylərinə mane olacaq.

 

"Taktiki kiçik fasilələrə gəlincə - bir saat burada, bir saat orada - bizdə əvvəllər belə olub. Güman edirəm ki, biz malların, humanitar yüklərin daxil olması və ya girovlarımızın, ayrı-ayrı girovlarımızın ərazini tərk etməsi üçün şəraiti nəzərdən keçirəcəyk”, - Netanyahu bildirib. “Ancaq ümumi atəşkəsin olacağını düşünmürəm”, - baş nazir əlavə edib.

 

Həm İsrail, həm də Qəzzaya nəzarət edən HƏMAS yaraqlıları atəşkəs çağırışlarını rədd edib. İsrail əvvəlcə HƏMAS-ın girovları azad etməli olduğunu deyir. HƏMAS bildirir ki, Qəzzaya hücum davam edəcəyi təqdirdə girovları azad etməyəcək və döyüşləri dayandırmayacaq. Döyüşlərdə Qəzza zolağında 10 mindən, İsrail tərəfində 1200-dən çox şəxs həlak olub Beynəlxalq təşkilatlar xəstəxanaların yaralıların öhdəsindən gələ bilməyəcəyini, qida və təmiz suyun tükəndiyini bildirib.

 

"Bizə təcili humanitar atəşkəs lazımdır. Artıq 30 gündür. Bəsdir. Bu, indi dayandırılmalıdır" , - BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk və Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus daxil olmaqla bir çox BMT rəsmilərinin birgə bəyanatında deyilir.

 

Vaşinqton yardımın daxil olmasını təmin etmək üçün döyüşlərə fasilələr verilməsini dəstəkləyir, lakin ABŞ rəsmiləri də atəşkəsin HƏMAS-ın yenidən güclənmək üçün tam atəşkəsdən istifadə edəcəyini iddia edir. ABŞ prezidenti Co Bayden bazar ertəsi Netanyahu ilə telefon danışığında bu cür fasilələri və mümkün girovların azad edilməsini müzakirə edib. Bayden İsraili dəstəklədiyini təkrarlayıb və İsrailin mülki insanları müdafiə etməli olduğunu vurğulayıb. Qərb mətbuatının məlumatına görə, Bayden administrasiyası ABŞ Konqresinə İsrailə 320 milyon dollar dəyərində dəqiq bomba təhvil verməyi planlaşdırdığını bildirib.

 

BMT Təhlükəsizlik Şurası bazar ertəsi bağlı qapılar arxasında iclas keçirib. 15 üzvdən ibarət qurum iki həftə ərzində dörd dəfə görüşsə də, hələ də qətnaməni razılaşdıra bilməyib. Diplomatlar bildiriblər ki, əsas maneə atəşkəs, hərbi əməliyyatların dayandırılması və ya Qəzzaya yardımın daxil olmasına icazə vermək üçün humanitar fasilələr tələb etməkdir. ABŞ-ın BMT-dəki səfirinin müavini Robert Vud bazar ertəsi jurnalistlərə deyib ki, Birləşmiş Millətlər Təşkilatında döyüşlər dayandırıldıqdan sonra Qəzzada nələrin baş verə biləcəyi ilə bağlı hələ danışıqlar aparılmayıb.

 

ABC telekanalına müsahibəsində münaqişə bitəndə Qəzzanı kimin idarə etməli olduğu sualına Netanyahu belə cavab verib: “Məncə, İsrail qeyri-müəyyən müddətə... ümumi təhlükəsizlik məsuliyyəti daşıyacaq, çünki biz bu təhlükəsizlik məsuliyyətinəə malik olmadıqda nə baş verdiyini görmüşük".

 

İsrail ordusu bildirib ki, ölkənin şimalındakı şəhərlərə atılan raket zərbələrinə cavab olaraq Livandakı Hizbullah hədəflərinə zərbələr endirilib. İsrail ordusu bir saat ərzində Livandan 30-a yaxın atəş aşkarladığını açıqlayıb.

 

Modern Təhlil və Araşdırma Qrupu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək