Ukrayna Daxili İşlər Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının köməkçisi Gennadi Çastyakovun döyüş sursatı ilə ehtiyatsız davranması nəticəsində həlak olması hadisəsini araşdırır.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin nümayəndəsi Mariana Reva deyib: “Hadisə yerinə gələn polis və əməliyyat-istintaq qrupundan alınan məlumata görə, bu, döyüş sursatı ilə ehtiyatsız davranma nəticəsində baş verən partlayışdır”.
Ukraynanın daxili işlər naziri İqor Klimenko Çastyakovun ölümünün rəsmi versiyasının təfərrüatlarını açıqlayıb.
“Bu gün (6 noyabr-red.) mərhum mayor Çastyakovun doğum günü idi. O, həmkarlarının hədiyyələri ilə evə qayıdıb. İçərisində qumbaralar olan hədiyyə qutusunu çıxarıb oğluna yeni qərb tipli qumbaralardan birini göstərib.
Oğlu əvvəlcə döyüş sursatını götürüb və sancağı çəkməyə çalışıb. Daha sonra Çastyakov uşağın əlindən qumbaranı alaraq sancağı özü çəkib və nəticədə faciəli partlayış baş verib. Polis mənzildə daha beş belə partlamamış qumbara tapıb. Onlar müayinəyə göndəriləcək.
Polis ölümcül hədiyyə verən şəxsi tapıb. Artıq onun ofisində axtarış aparılıb, daha iki oxşar qumbara götürülüb. İstintaq davam edir”, - nazir öz Telegram kanalında yazıb.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı köməkçisi Gennadi Çastyakovun ölümünü haqda məlumat yayıb. O, öz Facebook səhifəsində yazıb: "Ukrayna silahlı qüvvələri və şəxsən mənim üçün təsvirolunmaz ağrı və ağır itki baş verib".