Kanadanın Manitoba əyalətinin baş naziri Vab Kenu (Wab Kinew) uşaqların sosial media və süni intellekt çatbotlarından istifadəsinin qadağan olunmasını təklif edib.
Modern.az xəbər verir ki, bu barədə “Engadget” platforması məlumat yayıb. O, bu təşəbbüsü xeyriyyə tədbirində səsləndirib və daha sonra sosial platforma X üzərindən də paylaşım edib.
Kenu çıxışında sosial media platformalarının uşaqlar üzərində mənfi təsirlərinə diqqət çəkərək bildirib ki, bu platformalar bəzən “like”, baxış və gəlir uğrunda uşaqların psixologiyasına zərər verə biləcək məzmunları təşviq edir. Onun sözlərinə görə, “uşaqların diqqəti və uşaqlığı heç vaxt qazanc mənbəyinə çevrilməməlidir.” Hazırda təklif olunan qadağa ilə bağlı konkret detallar açıqlanmayıb. Məsələn, yaş məhdudiyyəti, qanunun nə vaxt qüvvəyə minəcəyi və necə tətbiq ediləcəyi kimi əsas məsələlər hələlik qeyri-müəyyəndir.
Bu təşəbbüs təkcə Manitoba ilə məhdudlaşmır. "Liberal Party of Canada" da ölkə üzrə 16 yaşdan aşağı şəxslərin sosial media və AI çatbotlardan istifadəsinin məhdudlaşdırılmasını dəstəkləyən qərar qəbul edib. Digər təşəbbüslərdə isə bu həddin 14 yaşa qədər endirilməsi müzakirə olunur ki, bu da artıq Australia kimi bəzi ölkələrdə tətbiq edilən qaydalardan daha sərtdir.
Bununla belə, ekspertlər belə qadağaların effektivliyi ilə bağlı şübhələr səsləndirirlər. "Molly Rose Foundation" tərəfindən aparılan sorğu göstərib ki, bir çox yeniyetmə bu cür məhdudiyyətlərə baxmayaraq sosial media hesablarından istifadə etməyə davam edir və qadağaları asanlıqla keçə bilir.