“Müasir Rusiyanın tarixində indiki qədər işçi qüvvəsi çatışmazlığı heç vaxt olmayıb”.
Modern.az xəbər verir ki, bunu Rusiya Mərkəzi Bankınım rəhbəri Elvira Nabiullina bildirib.
“Nə vaxtsa belə halımız olmayıb və bu, ümumi iqtisadi vəziyyətə, həmçinin qərarlarımıza təsir edir”, - deyə xanım Nabiullina “Alfa-sammit”də çıxışı zamanı bildirib. Onun sözlərinə görə, əmək bazarının vəziyyəti haqqında məlumatlar daha operativ yenilənsəydi, bu, tənzimləyiciyə pul-kredit siyasəti üzrə qərarlar qəbul etməyə kömək edərdi.
“FinExpertiza”nın məlumatına görə, iqtisadiyyatda işləməyən, lakin işləmək istəyən insanlardan ibarət kadr ehtiyatının ümumi sayı son beş ildə Rusiyada 7 milyondan 4,4 milyona düşüb. Ölkə üzrə orta hesabla bir iş təklifinə kadr ehtiyatından 2,6 potensial namizəd düşür. Məşğul əhalinin sayı isə 2021-ci ildə 71,7 milyon nəfərdən 2025-ci ildə 74,4 milyona yüksəlib.
“FinExpertiza”nın prezidenti Yelena Trubnikovanın qeyd etdiyi kimi, kadr ehtiyatının azalması ildən-ilə davamlı şəkildə baş verir və bu tendensiyanın dəyişəcəyinə dair əlamət yoxdur. Bu isə mövcud əmək potensialının tədricən tükəndiyini göstərir.