Modern.az

ABŞ-da Trampa təzyiqlər artıb - Demokratlar hərəkətə keçdi

ABŞ-da Trampa təzyiqlər artıb - Demokratlar hərəkətə keçdi

Dünya

Bu gün, 08:50

ABŞ prezidenti Donald Tramp İranda aparılan əməliyyat səbəbindən güclü təzyiqlə üzləşib.

Modern.az xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, ABŞ-ın kəşfiyyat xidmətləri prezidentin birtərəfli qələbə elan edəcəyi halda Tehranın necə cavab verəcəyini təhlil edir.

“ABŞ kəşfiyyat xidmətləri minlərlə insanın həyatına son qoyan və Ağ Ev üçün siyasi təhlükəyə çevrilən iki aylıq müharibədə Trampın birtərəfli qələbə elan edəcəyi halda İranın necə reaksiya verəcəyini araşdırır”, — deyə məqalədə qeyd olunur.

Materialda bildirilir ki, yekun qərar hələ qəbul edilməsə də və Trampın hərbi əməliyyatları gücləndirməsi mümkün olsa da, sürətli deeskalasiya prezident üzərindəki siyasi təzyiqi azalda bilər. Lakin bu, eyni zamanda İranın nüvə və raket proqramlarını bərpa etməsinə gətirib çıxara bilər ki, nəticə regionda ABŞ müttəfiqləri üçün təhlükə yarada bilər.

Bu arada ABŞ Konqresindəki demokratlar prezident Donald Trampa qarşı məhkəmə iddiası qaldırmaq imkanını nəzərdən keçirirlər. Bu, o halda baş verə bilər ki, o, 1 maydan sonra qanunvericilərin icazəsini almadan İrandakı münaqişəni davam etdirsin. Bu barədə "Time" jurnalı məlumatlı mənbələrə istinadən yazıb.

“Biz məhkəmə iddiası imkanını nəzərdən keçirməliyik”, - deyə senator Riçard Blyumental nəşrə bildirib.

Onunla Nümayəndələr Palatasının üzvü Ted Lyu da razılaşır: “Mən məhkəmə prosesini tam dəstəkləyirəm. Hesab edirəm ki, müdafiə edə biləcəyimiz çox güclü arqumentlərimiz var”.

Eyni zamanda senator Adam Şiff bildirib ki, o bu həftənin sonunda hərbi səlahiyyətlər barədə qətnamə üzrə daha bir səsvermə keçirməyi planlaşdırır.

Onun sözlərinə görə, Trampa qarşı iddia qaldırılması ilə bağlı müzakirələr hələ ilkin mərhələdədir, lakin ABŞ prezidenti 1 mayda başa çatacaq 60 günlük müddətdən sonra İrana qarşı hərbi əməliyyatları davam etdirərsə, bu proses yaxın vaxtlarda sürətlənə bilər.

Nəşr xatırladır ki, 1973-cü il Hərbi Səlahiyyətlər haqqında qanuna əsasən, prezidentlər 60 günün tamamında hərbi əməliyyatları dayandırmalıdırlar, əgər Konqres müharibə elan etməsə və ya güc tətbiqinə icazə verən qanun qəbul etməsə. Qanun bir dəfəlik 30 günlük uzadılmaya icazə verir, lakin yalnız prezident Konqresə yazılı şəkildə ABŞ qoşunlarının təhlükəsiz çıxarılması üçün əlavə vaxta ehtiyac olduğunu bildirdikdə. Bu günə qədər Konqres İranla bağlı hərbi güc tətbiqinə heç bir icazə verməyib və Ağ Ev də belə bir icazə almağı planlaşdırdığını açıq şəkildə bildirməyib.

ABŞ 28 fevralda İrana zərbələr endirməyə başlayıb. Beləliklə, 60 günlük müddət 29 aprelə təsadüf edir. Lakin jurnal qeyd edir ki, Tramp İranda əməliyyatları davam etdirmək üçün 1 maya qədər Konqresin razılığını almalıdır. Çünki o, zərbələr barədə qanunvericiləri rəsmi olaraq 2 martda məlumatlandırıb.

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!