İrana qarşı müharibə ABŞ və Çin arasındakı münasibətləri daha da mürəkkəbləşdirib. Gözlənilir ki, bu məsələ mayın 14–15-də Pekində keçiriləcək ABŞ prezidenti Donald Tramp ilə Çin lideri Si Cinpin arasında sammitin əsas mövzularından biri olacaq.
Modern.az-ın məlumatına görə, “Reuters” Vaşinqton və Pekinin gündəmində duran əsas məsələləri təqdim edib. Bildirilib ki, ABŞ–İsrailin İrana qarşı müharibəsi iki ölkə arasındakı münasibətlərdə hesablamaları dəyişir.
ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, iki lider İran müharibəsini müzakirə edəcək və Çini “Hörmüz boğazını beynəlxalq gəmiçilik üçün açmaq məqsədilə bu beynəlxalq əməliyyata qoşulmağa” çağırıb.
Lakin Pekin əvvəllər İranı Pakistan vasitəsilə ABŞ ilə sülh danışıqlarına başlamağa gizli şəkildə təşviq etsə də, analitiklər hesab edirlər ki, Çin yalnız Vaşinqtonun göstərişləri ilə hərəkət etməyəcək.
İran xarici işlər nazirinin ötən həftə Pekinə səfərindən sonra Çin “hərbi əməliyyatların tam dayandırılmasına” çağırıb.
Nüvə məsələsi ilə bağlı isə Pekin bildirib ki, “Çin İranın nüvə silahı hazırlamamaq öhdəliyini yüksək qiymətləndirir, eyni zamanda İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququnu tanıyır».
ABŞ isə İranın nüvə bombası yaratmağa çalışdığını iddia edir və Tehrandan 20 il müddətinə uranı zənginləşdirmə hüququndan imtina etməsini, həmçinin yüksək zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verməsini tələb edir.
Müharibənin uzanması Çinin enerji təhlükəsizliyinə də ciddi təsir göstərir. Pekin daxili bazarı qorumaq üçün benzin və aviasiya yanacağı kimi gəlirli emal məhsullarının ixracını azaltmağa məcbur qalır.
Çinin xam neft idxalının təxminən yarısı Yaxın Şərqdən gəlir. Hörmüz boğazının mümkün bağlanması və ABŞ blokadası nəticəsində gəmilər Fars körfəzində ilişib qalır və hücum təhlükəsi ilə üzləşir.
Çin gömrük məlumatlarına əsasən, münaqişə nəticəsində ölkənin ümumi xam neft idxalı apreldə ötən illə müqayisədə 20% azalaraq son dörd ilə yaxın dövrün ən aşağı səviyyəsinə düşüb.
Çin Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ-ın Hörmüz boğazını blokadaya alması beynəlxalq ictimaiyyətin ümumi maraqlarına uyğun deyil. Həmçinin ötən həftə Çin heyəti olan neft tankerinin boğazda hücuma məruz qaldığı təsdiqlənib.
Çin Tramp administrasiyasının təzyiqlərinə baxmayaraq, İran neftinin ən böyük alıcısı olaraq qalır.
İranın ixrac etdiyi neftin 80%-dən çoxu Çinə yönəlir. Çinli müstəqil neft emalı şirkətləri ABŞ sanksiyaları altında olan ucuz İran neftindən faydalanırlar.
Hesablamalara görə, 2025-ci ildə Çin gündə orta hesabla 1,38 milyon barel İran nefti alıb.
Apreldə ABŞ Maliyyə Nazirliyi İran neftini milyardlarla dollar dəyərində aldığına görə Çin müstəqil neft emalı şirkəti Hengli Petrochemical-a qarşı sanksiyalar tətbiq edib. Nazirlik həmçinin iki Çin bankına məktub göndərərək xəbərdarlıq edib ki, İran nefti ticarətinə yardım etdikləri halda ikinci dərəcəli sanksiyalarla üzləşə bilərlər.
Pekin buna sərt reaksiya verib. Çin Ticarət Nazirliyi şirkətlərə beş neft emalı müəssisəsinə qarşı ABŞ sanksiyalarına əməl etməməyi əmr edib və ilk dəfə olaraq Çinin qanunsuz hesab etdiyi xarici sanksiyalara qarşı cavab tədbirlərinə imkan verən qanundan istifadə edib.
Trampın səfərindən cəmi bir neçə gün əvvəl isə ABŞ Maliyyə Nazirliyi Çində iki, Honkonqda isə iki şirkətə qarşı sanksiya tətbiq edib. Onlar İranın Çindən silah və ballistik raket materialları almaq cəhdlərinə yardım etməkdə ittiham olunurlar.