Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən dövlət siyasəti artıq yeni mərhələyə qədəm qoyub. Hesab edirəm ki, 2025-ci ildə bu istiqamətdə həm qanunvericilik bazasının təkmilləşdirilməsi, həm institusional fəaliyyətin gücləndirilməsi, həm də profilaktik tədbirlərin genişləndirilməsi baxımından mühüm nəticələr əldə olunub. Xüsusilə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı”nın hazırlanması dövlətin bu məsələyə strateji yanaşmasının göstəricisidir. Bu sənəddə insan alverinə qarşı mübarizənin prioritet istiqamətləri, risk qrupları ilə iş, maarifləndirmə tədbirləri, qanunvericilik islahatları və rəqəmsal təhlükəsizlik məsələləri öz əksini tapıb.
Bu gün Azərbaycan dövləti insan alverinə qarşı mübarizəni yalnız hüquq-mühafizə tədbiri kimi deyil, həm də sosial təhlükəsizlik, insan hüquqları və milli təhlükəsizlik məsələsi kimi qiymətləndirir. Hesabat dövründə insan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 198 cinayət faktı qeydə alınıb. Bunlardan 152-si insan alveri, 1-i məcburi əmək, 45-i isə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər olub.
Məcburi əmək cinayətlərinin hamısı, insan alveri cinayətlərinin isə 97 faizi açılıb. Əməliyyat tədbirləri nəticəsində 2 mütəşəkkil cinayətkar qrupun fəaliyyəti ifşa olunub. Həmin qrupların məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir. Bundan əlavə, informasiya texnologiyalarından istifadə edilməklə törədilmiş 57 fakt aşkarlanıb və Cinayət Məcəlləsinin 144-1 və 243-cü maddələri ilə 6 cinayət işi başlanılıb. Ötən il insan alveri qurbanlarının reabilitasiyası və reinteqrasiyası istiqamətində də mühüm addımlar atılıb. Qurbanlar Daxili İşlər Nazirliyinin sığınacağına yerləşdirilərək tibbi, psixoloji, sosial və hüquqi yardımlarla təmin olunublar. Onların peşə kurslarına cəlb olunması, sənədlərlə təminatı, müalicəsi, ünvanlı sosial yardım alması və ailələrinə reinteqrasiyası istiqamətində ciddi iş aparılıb.
Hesab edirəm ki, Daxili İşlər Nazirliyinin, xüsusilə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti yüksək qiymətə layiqdir. 2025-ci ildə insan alveri cinayətlərinin 97 faizinin açılması, 2 mütəşəkkil cinayətkar qrupun zərərsizləşdirilməsi, informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin aşkarlanması bu sahədə peşəkar fəaliyyətin göstəricisidir. Bu uğurlar təsadüfi deyil. Bu, ilk növbədə dövlət başçısı cənab İlham Əliyevin hüquq-mühafizə orqanlarına göstərdiyi diqqət və qayğının nəticəsidir.
Daxili işlər naziri cənab Vilayət Eyvazovun rəhbərliyi ilə polis orqanlarının peşəkarlığı, dövlətə və xalqa sədaqətlə xidməti ölkəmizdə sabitliyin və təhlükəsizliyin qorunmasında mühüm rol oynayır. Bu gün Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biri kimi tanınırsa, bu, dövlət başçısının hüquq-mühafizə sisteminə olan etimadının və polis əməkdaşlarının gecə-gündüz xidmətinin nəticəsidir.
Bunun bir neçə mühüm səbəbi var. Ən əsas səbəblərdən biri Daxili İşlər Nazirinin və Milli Koordinatorun yüksək səviyyədə nəzarəti ilə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin tətbiq etdiyi müasir mübarizə metodlarının effektiv nəticə verməsidir. Digər mühüm amil isə vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının apardığı maarifləndirmə işləridir. Son illər keçirilən təlimlər, görüşlər, sosial layihələr və media kampaniyaları insanların məlumatlılıq səviyyəsini artırıb. 152 qaynar xəttinə daxil olan müraciətlərin artması da onu göstərir ki, vətəndaşlar artıq bu məsələyə daha həssas yanaşırlar və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edirlər.
Mənim təkliflərimdən biri odur ki, insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarına maliyyə dəstəyi mexanizmləri daha da genişləndirilsin. Düşünürəm ki, Daxili İşlər Nazirliyinə və ya İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə bu sahə ilə bağlı maarifləndirmə layihələrinin həyata keçirilməsi üçün qrant ayırmaq səlahiyyəti verilməlidir. Çünki bu istiqamətdə uzun illər təcrübə qazanmış peşəkar və milli QHT-lər mövcuddur. Onların fəaliyyətlərinin daha da uğurlu olması üçün mütləq şəkildə maliyyə dəstəyi göstərilməlidir.
Bakı və regionlarda fəaliyyət göstərən sığınacaqlara dəstək artırılmalıdır. Bu məsələdə yalnız Daxili İşlər Nazirliyi deyil, bütün dövlət qurumları, eləcə də özəl sektor maraqlı olmalıdır. Dünya təcrübəsində belə əməkdaşlıq modelləri mövcuddur. Hətta bu istiqamətdə dəstək göstərən özəl sektor nümayəndələrinə vergi güzəştlərinin tətbiqi də mümkündür. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin hər il ayırdığı maliyyə dəstəyi ilə artıq bir sıra uğurlu layihələr həyata keçirilib. Əminəm ki, imkanlar genişləndirilsə, nəticələr daha effektiv olacaq.
Amma bu gün insan alveri artıq rəqəmsal mühitə keçib. Sosial şəbəkələr üzərindən insanları tora salırlar, onlayn istismar halları artır, əmək istismarının gizli formaları meydana çıxır.
Deməli, insan alverçiləri metodlarını dəyişiblərsə, biz də yanaşmalarımızı dəyişməliyik. Köhnə indikatorlarla yeni təhlükələri aşkar etmək mümkün deyil. Bu gün kiberməkanda insan alveri dünyanın ən ciddi problemlərindən birinə çevrilib. Ona görə də rəqəmsal monitorinq, süni intellekt alətləri, beynəlxalq məlumat mübadiləsi və sosial şəbəkələrdə aktiv mübarizə əsas prioritet olmalıdır.
Açıq demək lazımdır ki, artıq ənənəvi üsullar əvvəlki qədər effektiv deyil. Düşünürəm ki, buklet və broşür dövrü böyük ölçüdə geridə qalır. Bu gün gənclər informasiyanı sosial şəbəkələrdən alır. İnsan alverçiləri də məhz həmin platformalarda fəaliyyət göstərirlər. Əgər cinayətkarlar müasir texnologiyalardan istifadə edirsə, biz də onları öz “silahları” ilə məğlub etməliyik.
Daha çox: keyfiyyətli videoçarxlar, qısametrajlı filmlər, sosial media kampaniyaları, rəqəmsal platformalarda interaktiv layihələr hazırlanmalıdır. Biz bir auditoriyada 20-30 nəfərlə tədbir keçirməklə kiberməkanda yayılan təhlükələrin qarşısını ala bilmərik. Sosial şəbəkə seqmentində gedən bu “müharibədə” qalib gəlmək istəyiriksə, mütləq müasir texnologiyalarla “silahlanmalıyıq”. Ən vacib məsələ isə odur ki, maarifləndirmə tədbirləri insan alverçilərinin hədəf seçdiyi yaş qruplarının istifadə etdiyi platformalarda həyata keçirilsin.
Avropa Şurasının İnsan Alverinə qarşı Mübarizə üzrə Ekspertlər Qrupu — GRETA tərəfindən Azərbaycanla bağlı hesabatlarda mühüm irəliləyişlərin qeyd olunması çox vacib məqamdır.
Xüsusilə: qanunvericiliyin təkmilləşdirilməsi, qurbanlara yardım mexanizmlərinin inkişafı, maarifləndirmə tədbirləri, dövlət qurumları arasında koordinasiya yüksək qiymətləndirilib.
Bu da onu göstərir ki, Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində beynəlxalq standartlara uyğun fəaliyyət göstərən ölkələr sırasındadır.
-İnsan alveri təkcə hüquqi məsələ deyil, insan talelərinə qarşı törədilən ağır cinayətdir. Bu mübarizədə dövlət qurumları, hüquq-mühafizə orqanları, vətəndaş cəmiyyəti, media və hər bir vətəndaş birlikdə iştirak etməlidir. Azərbaycan dövləti bu istiqamətdə siyasi iradə nümayiş etdirir və hesab edirəm ki, yeni texnologiyaların tətbiqi, peşəkar kadr hazırlığı və müasir yanaşmalar sayəsində ölkəmiz insan alverinə qarşı mübarizədə daha böyük uğurlar əldə edəcək.
İnsan Alverinə Qaşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyev