Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın Qazaxıstana səfəri çərçivəsində Ankara-Astana münasibətlərində mühüm addımlar atılıb.
Modern.az xəbər verir ki, Astanadakı Müstəqillik Sarayında keçirilən görüşdən sonra Kasım-Jomart Tokayev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyə ilə Qazaxıstan arasında 13 sənəd imzalanıb.
İlk olaraq “Türkiyə Respublikası ilə Qazaxıstan Respublikası arasında Əbədi Dostluq və Tərəfdaşlıq Bəyannaməsi” qəbul olunub.
Bununla yanaşı “İnvestisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında saziş”, “Mədəniyyət mərkəzlərinin yaradılması, fəaliyyəti və idarə olunması haqqında saziş”, “Hüquqi məsələlər üzrə qarşılıqlı hüquqi yardım haqqında sazişə dəyişiklik edilməsinə dair protokol” da imzalanıb.
Tərəflər təhsil və nəqliyyat sahəsində əməkdaşlığı da genişləndiriblər. İmzalanan sənədlər arasında “Birgə təqaüd proqramı haqqında saziş”, “Qazaxıstanda iki Türk Maarif Vəqfi məktəbinin açılması ilə bağlı niyyət protokolu”,“Almatı Beynəlxalq Hava Limanı investisiya sazişi” də yer alıb.
Bundan əlavə, xəstəxana tikintilərinin maliyyələşdirilməsi ilə bağlı əməkdaşlıq sazişi də qəbul edilib.
Media və enerji sahəsində də mühüm sənədlər imzalanıb. TRT ilə Qazaxıstan Prezidentinin Televiziya və Radio Kompleksi arasında radio-televiziya sahəsində əməkdaşlığa dair memorandum qəbul olunub.
Enerji istiqamətində isə neft yataqları xidmətləri üzrə əməkdaşlıq sazişi, neft və qaz layihələrinin birgə inkişafı haqqında memorandum imzalanıb.
Həmçinin Astana Beynəlxalq Maliyyə Mərkəzi ilə İstanbul Maliyyə Mərkəzi arasında da əməkdaşlıq memorandumu təsdiqlənib.
Müdafiə sənayesi sahəsində isə ən diqqətçəkən razılaşmalardan biri “ANKA” pilotsuz uçuş aparatlarının istehsalı və texniki xidmətinin təşkili üçün birgə müəssisənin yaradılması barədə saziş olub.
Beləliklə, Türkiyə ilə Qazaxıstan arasında əməkdaşlıq müdafiə sənayesindən energetikaya qədər geniş sahələri əhatə edən yeni mərhələyə keçib.