ABŞ Senatı prezident Donald Trampın İranla bağlı hərbi əməliyyat imkanlarını məhdudlaşdıran qətnamə qəbul edib.
Modern.az xəbər verir ki, sənəd Senatda 50 senatorun dəstəyi ilə qəbul olunub, 47 senator isə əleyhinə səs verib.
Qətnaməyə əsasən, prezident hərbi əməliyyatları Konqreslə razılaşdırmalı olacaq. Səsvermə zamanı dörd respublikaçı senatorun demokratlarla birlikdə “lehinə” mövqe tutması nəticəyə ciddi təsir göstərib.
Bildirilir ki, Senatda bu sənədin qəbuluna yönələn əvvəlki yeddi cəhd respublikaçılar tərəfindən bloklanmışdı. Bununla belə, sənəd Konqresin hər iki palatasından keçsə belə, Donald Trampın ona veto qoymaq hüququ qalır.
1973-cü ildə qəbul edilən “Hərbi səlahiyyətlər haqqında” qanuna əsasən, ABŞ prezidenti Konqresin icazəsi olmadan 60 gün ərzində hərbi əməliyyat apara bilər. Həmin müddət başa çatdıqdan sonra isə ya əməliyyat dayandırılmalı, ya da Konqresdən rəsmi icazə alınmalıdır.
Məlumata görə, Tramp 1 may 2026-cı ildə 60 günlük müddətin başa çatdığını bildirərək “müharibənin bitdiyini” açıqlasa da, ABŞ qüvvələri İran limanlarını bloklamağa və İran gəmilərinə zərbələr endirməyə davam edib.