ABŞ-ın regionda davam edən “hərbi avantüraları” hər hansı bir razılaşmanın mümkünsüzlüyü deməkdir.
Modern.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələri bəyan edib.
26 may gecəsi ABŞ ordusu "müdafiə məqsədləri üçün" İslam İnqilabının Keşikçiləri Korpusuna (SEPAH) məxsus iki qayığı və raket buraxıcı qurğusunu vurub.
İran Silahlı Qüvvələri mərkəzi qərargahının rəsmi nümayəndəsi Ebrahim Zolfaqari ABŞ-ın İranın cənubuna endirdiyi zərbələrdən sonra X sosial şəbəkəsində yazıb:
“ABŞ hökuməti dəfələrlə göstərib ki, yalnız güc dilini anlayır. Neftin 200 dollar olmasına hazırlaşın!”
Mayın 26-na keçən gecə ABŞ qüvvələri İranın iki kateri və Bandar Abbas Port limanında yerləşən zenit-raket qurğusunu vurub. ABŞ tərəfi bildirib ki, katerlər Hörmüz boğazını minalayırdı, raket qurğusu isə Amerika təyyarələrini hədəfə almışdı. Vaşinqton bu hücumları “müdafiə xarakterli” adlandırıb və atəşkəs rejiminin qüvvədə qaldığını açıqlayıb.
“Reuters” xəbər verib ki, ABŞ-ın İrana zərbələri Asiya ticarətinin əvvəlində Brent markalı neft fyuçerslərinin 1%-dən çox bahalaşmasına səbəb olub və qiymət bir barel üçün 97,32 dollara yüksəlib.
ABŞ və İran arasında aprelin əvvəlində elan edilmiş atəşkəs rejimi qüvvədədir. Daha sonra ABŞ prezidenti Donald Tramp onu xüsusi göstərişədək qeyri-müəyyən müddətə uzadıb. Lakin may ayında tərəflər Hörmüz boğazında qarşılıqlı zərbələr endiriblər: İran bunu atəşkəsin pozulması sayıb, Tramp isə döyüş əməliyyatlarını “mehriban təpik” adlandırıb.
Son günlər İran və ABŞ arasında danışıqlar intensivləşib. Tərəflər atəşkəsi daha 60 gün uzadacaq yekun sazişi hazırlayırlar. Bununla yanaşı, Donald Tramp mayın 19-da bildirib ki, zərbələrin bərpasına “bir saat” qalmışdı, lakin ondan “bir neçə gün də gözləməsi” xahiş olunub, çünki Tehran “məntiqli davranır”. Daha sonra ABŞ lideri danışıqları konstruktiv adlandırsa da, səhvlərə yol verməmək üçün sazişlə bağlı tələsməməyə çağırıb.