Rusiya Ermənistandan diri balıq və balıq məhsullarının idxalını məhdudlaşdırıb. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") Ermənistandan diri balıq və balıq məhsullarının idxalına məhdudiyyət qoyub.
Modern.az federal xidmətə istinadən xəbər verir ki, aparılan yoxlamaların nəticələrinə əsasən, iyunun 2-dən etibarən Ermənistan tərəfi yoxlamadan uğurla keçmiş iki müəssisə istisna olmaqla, digər bütün şirkətlərin ixrac üçün baytarlıq sertifikatlarının rəsmiləşdirilməsini dayandırmalıdır. Bu məhdudiyyət mövcud vəziyyət tam tənzimlənənə qədər qüvvədə qalacaq.
İxracına icazə verilən həmin iki müəssisənin məhsulları isə Rusiyaya yalnız təhlükəsizlik göstəriciləri üzrə laboratoriya nəzarətindən keçmək şərtilə tədarük ediləcək.
Qeyd edək ki, rəsmi Moskva bundan əvvəl də Ermənistandan idxal olunan bir sıra məhsullara, o cümlədən müxtəlif spirtli içkilərə və "Cermuk" mineral sularına qadağa tətbiq etmişdi. Həmçinin, mayın 30-dan etibarən Ermənistandan təzə pomidor, xiyar, bibər, göyərti və çiyələyin də Rusiyaya idxalına müvəqqəti məhdudiyyətlər qoyulub.
Töhfə Səməd