Möhtəşəm təbiəti, Mavi Bayraq sertifikatlı çimərlikləri, zəngin tarixi irsi və yüksək səviyyəli turizm infrastrukturu ilə Antalya Türkiyənin ən populyar turizm istiqamətlərindən biridir. Eyni zamanda, 300-dən çox beşulduzlu hotel və geniş konqres imkanları sayəsində şəhər işgüzar turizmin də aparıcı mərkəzləri sırasında yer alır.
Modern.az-ın məlumatına görə, Antalya 2026-cı ildə bir sıra nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edəcək. Bunlar arasında Türkiyənin ilk beynəlxalq idman turizmi sərgisi olan Sports & Events Türkiye (31 may–3 iyun), 77-ci Beynəlxalq Astronavtika Konqresi (IAC) (5–9 oktyabr) və BMT-nin İqlim Dəyişikliyi Konfransı – COP31 (9–20 noyabr) xüsusi yer tutur. Şəhərdə həmçinin Aspendos Opera və Balet Festivalı, Runtalya Marafonu və Turkish Airlines Open kimi beynəlxalq tədbirlər keçiriləcək.
2026-cı ildə doqquzuncu dəfə təşkil olunacaq Antalya Moda Həftəsi (2–4 iyun) isə Türkiyə ilə yanaşı, müxtəlif ölkələrdən dizaynerləri bir araya gətirərək şəhərin beynəlxalq moda platforması kimi mövqeyini daha da gücləndirəcək.
İldə təxminən 300 gün günəşli hava şəraiti olan Antalya yalnız yay turizmi ilə deyil, tarixi və mədəni irsi, arxeoloji abidələri, təbiət marşrutları, qolf, dalğıclıq və macəra turizmi imkanları ilə də diqqət çəkir. Kaleiçi, Aspendos, Patara, Side və Faselis kimi tarixi məkanlar, eləcə də Aralıq dənizi mətbəxi şəhəri ilin bütün fəsillərində cəlbedici səyahət istiqamətinə çevirir.
Beləliklə, Antalya 2026-cı ildə turizm, biznes, mədəniyyət, moda və idman sahələrində qlobal diqqəti üzərinə çəkən aparıcı beynəlxalq tədbir mərkəzlərindən biri olacaq.