Ukrayna son günlər Rusiyaya dron və ballistik raketlər vasitəsilə ağır zərbələr endirir.
Politoloq Tofiq Abbasov Modern.az-a açıqlamasında bildirib ki, Ukrayna ətrafında müşahidə olunan eskalasiyanın əsas məqsədlərindən biri müharibəni uzatmaq və Rusiya daxilində sosial-siyasi narazılığı artırmaqdır.
"Belə eskalasiya üçün bir neçə səbəb var və bunların hamısı kifayət qədər ciddidir. NATO-nun 36-cı sammitində də gördük ki, Ukrayna Prezidenti Volodimir Zelenski, necə deyərlər, diqqət mərkəzində idi. O, nəyin bahasına olursa-olsun, Qərbdən həm maddi, həm silah-sursat, həm də mənəvi dəstək almağa çalışır ki, müharibə dayandırılmasın. Bu yaxınlara qədər onun strategiyasında - mən buna strategiyadan daha çox taktiki gedişlər deyərdim - belə bir yanaşma var idi ki, "Rusiya xalqının həyatını çətinləşdirəcəyik". Yəni elə bir vəziyyət yaradılmalıdır ki, Rusiya cəmiyyəti hakimiyyətdən bezsin".
Onun sözlərinə görə, NATO-nun son sammitində də Ukrayna Prezidenti Volodimir Zelenskinin əsas məqsədi Qərbdən hərbi, maliyyə və siyasi dəstəyi davam etdirmək olub. Ekspert hesab edir ki, hazırda tətbiq olunan yanaşma Rusiya cəmiyyətində hakimiyyətə qarşı narazılıq yaratmağa hesablanıb. Bu məqsədlə mülki infrastrukturun və insanların gündəlik həyatına təsir edən sahələrin hədəfə çevrildiyini deyən Abbasov bunun hibrid müharibə texnologiyalarının tərkib hissəsi olduğunu vurğulayıb.
Politoloq qeyd edib ki, Qərb dairələri Rusiyaya maksimum təzyiq göstərməyə çalışsalar da, Moskvanın uzunmüddətli müharibə aparmaq üçün kifayət qədər resursları var. Onun fikrincə, Ukraynanın imkanları isə Qərbdən gələn dəstəkdən birbaşa asılıdır və müharibənin gələcək taleyində bu amil mühüm rol oynayacaq.
Tofiq Abbasov ABŞ Prezidenti Donald Trampın sülhlə bağlı bəyanatlarına da münasibət bildirib. O hesab edir ki, Trampın açıqlamaları diqqət çəksə də, onların arxasında ciddi siyasi mexanizmlər görünmür. Ekspertin sözlərinə görə, ABŞ prezidentinin tez-tez dəyişən bəyanatları həm Avropada, həm də NATO daxilində suallar yaradır.
Politoloq vurğulayıb ki, Rusiya Ukrayna ilə bağlı qərarlarını xarici təzyiqlər əsasında deyil, öz maraqlarına uyğun şəkildə qəbul edir. Bu səbəbdən də Donald Trampın çağırışlarının Moskvanın mövqeyinə ciddi təsir göstərəcəyinə inanmır.
" Ukrayna məsələsində də hesab edirəm ki, Rusiya Federasiyası Donald Trampın bəyanatlarını ciddi qəbul etmir. Moskva heç vaxt kənardan verilən göstəriş və ya təkidlə hərəkət etməyəcək. Nə vaxt hesab etsə ki, müharibəni dayandırmaq onun maraqlarına uyğundur, həmin qərarı özü verəcək. Mən inanmıram ki, bu, Donald Trampın təkidi ilə baş versin".
Abbasovun fikrincə, yaxın perspektivdə Ukrayna müharibəsinin gedişində və ya tərəflərin mövqelərində ciddi dəyişiklik gözlənilmir.
Nicar Rüstəmzadə