ABŞ Prezidenti Donald Trampın təsis etdiyi sosial media platforması Truth Social istifadəçilərə onun paylaşımlarına erkən çıxış imkanı təqdim etməyi nəzərdən keçirib.
Modern.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.
Məlumata görə, platforma investor və treyderlərə Trampın paylaşımlarını digər istifadəçilərdən daha tez görmək imkanı vermək üçün aylıq 100 min dollara qədər ödəniş tələb etməyi müzakirə edib.
Nəşrin yazdığına görə, şirkət bu ideyanı potensial müştərilərlə danışıqlar zamanı gündəmə gətirib. Layihənin tərəfdarları hesab edirlər ki, Trampın açıqlamaları və sosial şəbəkədəki paylaşımları maliyyə bazarlarına ciddi təsir göstərdiyindən, onlara bir neçə dəqiqə və ya saniyə əvvəl çıxış əldə etmək investorlar üçün böyük üstünlük yarada bilər.
Bildirilir ki, xüsusilə yüksək tezlikli birja əməliyyatları aparan treyderlər belə xidmətdən faydalana bilərlər. Çünki Trampın iqtisadiyyat, ticarət siyasəti, tariflər və beynəlxalq münasibətlərlə bağlı paylaşımları tez-tez səhm, valyuta və digər aktivlərin qiymətlərində kəskin dəyişikliklərə səbəb olur.
Hələlik Truth Social tərəfindən belə xidmətin rəsmi şəkildə istifadəyə veriləcəyi təsdiqlənməyib.