İran Prezidenti Məsud Pezeşkian Tehranla qonşu ölkələr arasında münasibətlərin yaxşılaşdığını deyib və Azərbaycanla əməkdaşlığı ayrıca qeyd edib.
Modern.az xəbər verir ki, Pezeşkian İran, ABŞ və İsrail arasında müharibə dövründə Tehranla Bakı arasında müəyyən çətinliklərin yarandığını bildirib.
Onun sözlərinə görə, həmin dövrdə Azərbaycan bir sıra marşrutları bağlayıb, İranda fəaliyyət göstərən banklardan birinin işi isə dayandırılıb. Lakin aparılan danışıqlardan sonra yaranmış vəziyyəti nizamlamaq mümkün olub.
“Azərbaycana münasibətdə bəzi siyasi məsələlərə baxmayaraq, dialoq və qarşılıqlı fəaliyyət davam edir”, - deyə İran Prezidenti bildirib.
Pezeşkian vurğulayıb ki, Tehran Bakı ilə əlaqələri saxlayıb və ortaya çıxan problemlərin həlli üçün danışıqlar aparıb. Onun sözlərinə görə, nəticədə Azərbaycan İrana, o cümlədən marşrutlarla bağlı məsələlərdə zəruri dəstək göstərib.
“Onlar bizə lazım olan hər şeydə müşayiət və yardım göstərdilər”, - deyə Pezeşkian qeyd edib.
İran Prezidenti ümumilikdə müharibədən sonra Tehranla qonşu dövlətlər arasında münasibətlərin yaxşılaşdığını vurğulayıb. Onun sözlərinə görə, Pakistan, Əfqanıstan və Türkmənistan İrana dəstək verir, Rusiya və İraq da ölkəyə “yaxşı kömək edib”.
Pezeşkian Azərbaycanla əməkdaşlığın mövcud siyasi məsələlərə baxmayaraq davam etdiyini bildirib.