Modern.az

Ölüm hökmü kəsilən eks-prezidentin DOSYESİ

Ölüm hökmü kəsilən eks-prezidentin DOSYESİ

Dünya

Bu gün, 16:31

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd ölkədəki müharibə zamanı törədilən cinayətlərə görə ölüm cəzasına məhkum edilib.

Modern.az xəbər verir ki, SANA agentliyinin məlumatına görə, Suriya məhkəməsi Əsədi insanlıq əleyhinə cinayətlər, qəsdən adam öldürmə, işgəncə və qanunsuz azadlıqdan məhrum etmədə təqsirli bilib.

Bəşər Əsəd 11 sentyabr 1965-ci ildə Dəməşqdə, bir neçə hərbi çevrilişin iştirakçısı olan və sonradan Suriyanın prezidenti (1971–2000) olmuş general Hafiz Əsədin ailəsində anadan olub.

14 yaşında Ərəb Sosialist İntibah Partiyasının (“Bəəs”) gənclər qoluna daxil olub. Əl-Hurriyyə adlı elitar ərəb-fransız liseyində təhsil alıb, 1988-ci ildə Dəməşq Universitetinin Tibb fakültəsini həkim-oftalmoloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

Məzun olduqdan sonra dörd il hərbi hospitalda çalışıb. 1992-ci ildə Londonun Müqəddəs Məryəm xəstəxanası nəzdindəki "Western Eye Hospital" oftalmologiya mərkəzində təcrübə keçib. Böyük qardaşı Basilin 1994-cü ildə həlak olmasından sonra Suriyaya qayıdıb, Hımsdakı hərbi akademiyaya daxil olub və respublika qvardiyasına qəbul edilib, üç ildən sonra isə onun komandiri olub.

Hərbi xidmətlə yanaşı, sakinlərin şikayət və müraciətlərinə baxılması üzrə büroya rəhbərlik edib, korrupsiyaya qarşı mübarizə kampaniyasına başçılıq edib, Livanla əlaqələri kurasiya edib və ölkədə internetin tətbiqinə köməklik göstərib. 1999-cu ildə prezidentin müşaviri təyin edilib. Atası, həmin dövrdə fəaliyyətdə olan prezident Hafiz Əsədin vəfatından sonra ordunun ali baş komandanı vəzifəsini alıb və ölkə rəhbəri postuna yeganə namizəd olub. 10 iyul 2000-ci ildə 97,3% səs toplayaraq prezident seçilib.

2007-ci ildə 97,6% səs alaraq ikinci müddətə prezident seçilib. 2011-ci ildə Suriyadakı silahlı müxalifət Əsədin istefasını tələb edib, qərb ölkələri isə ona qarşı şəxsi sanksiyalar tətbiq edib. Buna görə də 2012-ci ilin fevralında hökumət çoxpartiyalı sistemi təsbit edən yeni konstitusiyanı qəbul edib. 2014-cü ildə Bəşər Əsəd ölkə tarixində ilk dəfə keçirilən çoxnamizədli seçkilərdə 88% səs toplayaraq üçüncü müddətə yenidən prezident seçilib.

2015-ci ilin payızında Əsəd davam edən vətəndaş müharibəsinə müdaxilə etmək xahişi ilə Rusiyaya müraciət edib (münaqişənin aktiv fazası 2017-ci ildə başa çatıb).

2021-ci ildə 95,1% səs toplayaraq dördüncü dəfə prezident postunu tutub. Suriya üsyançılarının hökumət qüvvələrinin mövqələrinə hücumundan sonra, 8 dekabr 2024-cü ildə ölkəni tərk edib və ailəsi ilə birlikdə Rusiyaya gələrək orada siyasi sığınacaq alıb.

2025-ci ilin sentyabrında Suriya məhkəməsi tərəfindən qiyabi həbsə məhkum edilib, 11 avqust 2026-cı ildə isə insanlıq əleyhinə cinayətlər, qəsdən adam öldürmə, işgəncə və qanunsuz azadlıqdan məhrumetmə ittihamları ilə ölüm cəzasına məhkum olunub.

Evlidir, üç övladı var. İngilis və fransız dillərini bilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən iddialı açıqlama - Mən heç nədən qorxmuram!