İndoneziyanın Bali adası yaxınlığında sərnişin bərəsində yanğın baş verib.
Modern.az xəbər verir ki, hadisə avqustun 12-də Bali adasından Lomboka gedən “Putri Yasmin” bərəsində qeydə alınıb.
Məlumata görə, gəmi Bali adasındakı Padang Bai limanından Lombokdakı Lembar limanına hərəkət edərkən yanğın baş verib.
Bərədə 114 sərnişin və 17 ekipaj üzvü olmaqla, ümumilikdə 131 nəfər olub. Gəmidə həmçinin 44 avtomobil və 53 motosiklet daşınıb.
Xilasetmə əməkdaşları və hadisə yerindən keçən digər gəmilərin köməyi ilə 106 nəfər təxliyə edilib. Son məlumatlara görə, 25 nəfərin bərədən çıxarılması üçün xilasetmə əməliyyatı davam edib.
Əməliyyata İndoneziya Hərbi Dəniz Qüvvələrinin gəmiləri, patrul və xilasetmə katerləri, həmçinin havadan müşahidə aparan helikopter cəlb olunub.
Xilasetmə işləri dənizdəki güclü dalğalar səbəbindən çətinləşib. Məlumata görə, dalğaların hündürlüyü 4 metrə çatıb.
Hadisənin səbəbi və mümkün xəsarət alanlarla bağlı ilkin məlumatlarda əlavə təfərrüat açıqlanmayıb.