Modern.az

Qardaş ölkə Ukraynanı Trampa şikayət etdi - qərar verildi

Qardaş ölkə Ukraynanı Trampa şikayət etdi - qərar verildi

Dünya

Bu gün, 10:27

Ukraynanın ABŞ-ın təzyiqi və digər ölkələrin mümkün vasitəçiliyi ilə Qara dənizdə Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) Novorossiysk yaxınlığındakı terminalına gedən xarici bayraqlı tankerlərə hücumları dayandırmağa razılaşdığı bildirilir.

Modern.az xəbər verir ki, bu barədə “The Maritime Executive” nəşri “Bloomberg”ə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Ukrayna ilə tanker hücumlarının dayandırılması barədə razılaşmada vasitəçi kimi çıxış edib.

Bildirilir ki, buna səbəb Ukraynanın ötən ay Qara dənizdə CPC-nin fəaliyyətinə təsir edən bir sıra hücumlar həyata keçirməsi olub.

Ukraynanın hücumlarının xarici bayraq altında üzən və CPC-nin Novorossiysk yaxınlığındakı dəniz terminalına daxil olan və ya ona yaxınlaşan tankerləri hədəf aldığı qeyd edilir.

Məlumata görə, hücuma məruz qalan gəmilərdən ən azı biri ABŞ-ın “Chevron” şirkəti tərəfindən icarəyə götürülüb.

Şirkətin nümayəndələri, eləcə də Qazaxıstanın Xarici İşlər Nazirliyi hücumlara etiraz edib. Onlar CPC-nin Rusiya-Ukrayna münaqişəsində iştirak etməyən sırf kommersiya layihəsi olduğunu vurğulayıblar.

CPC boru kəməri Qazaxıstanın quru ərazisindən çıxarılan nefti Rusiya ərazisi ilə təxminən 1000 mil məsafəyə nəql edərək Novorossiysk limanı yaxınlığındakı terminala çatdırır.

Mənbənin məlumatına görə, CPC Qazaxıstanın neft ixracının təxminən 80 faizini və dünya üzrə neft tədarükünün ən azı 2 faizini təmin edir.

Qazaxıstan və CPC iyulun sonunda baş verən iki hücumdan sonra ABŞ və digər tərəflərə müraciət edib.

“Bloomberg”in məlumatına görə, “Chevron” şirkətinin baş icraçı direktoru Mayk Virt ABŞ Prezidenti Donald Trampa şəxsən zəng edərək müdaxilə etməsini istəyib.

Məlumata görə, Ukrayna xarici bayraq altında üzən və Ukrayna sanksiyaları altında olmayan tankerlərə hücum etməməyə razılaşıb.

Bununla belə, Ukraynanın belə bir razılaşmaya rəsmi münasibəti və onun bütün detalları barədə əlavə məlumat açıqlanmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Prezidentdən Naxçıvanda diqqətçəkən sözlər - Şuşa azad olunanda Putin...