ABŞ-ın vitse-prezidenti Cey Di Vens Vaşinqtonun Ukraynaya Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) infrastrukturuna zərbələri dayandırmaq tələbini şəxsən çatdırıb.
Modern.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Vens bu tələbi iyulun 31-də Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı səsləndirib. Nəşr yazır ki, həmin vaxtdan etibarən KTK infrastrukturuna bu cür zərbələr endirilməyib.
Ukraynalı mənbə “Financial Times”a açıqlamasında bildirib: “Biz amerikalı tərəfdaşlarımızı diqqətlə dinləyirik”.
Digər mənbənin sözlərinə görə, Kiyev Vaşinqtonun bu tələbini ABŞ-dan “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket əleyhinə raketlərin istehsalına lisenziya almaq istədiyi üçün qəbul edib.
Vensin və Zelenskinin ofisləri nəşrin şərh üçün göndərdiyi sorğulara operativ cavab verməyib. KTK-da paya sahib olan ABŞ şirkətləri “Chevron” və “ExxonMobil” də məlumatı şərh etməyiblər.
“Financial Times”ın məlumatına görə, iyul ayında “ExxonMobil” tərəfindən icarəyə götürülmüş tanker Ukraynanın hücumlarından biri zamanı zərər görüb.
Avqustun 8-də isə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb ki, Kiyev ABŞ-ın xahişi ilə Rusiya ilə əlaqəsi olmayan neft tankerlərinə və Qazaxıstan neftinin ixracını təmin edən Qara dənizdəki infrastruktura zərbələr endirməməyi öhdəsinə götürüb.
Agentliyin məlumatına görə, Ukrayna KTK infrastrukturuna və terminala doğru hərəkət edən gəmilərə də hücum etməkdən çəkinməyə razılaşıb. Bunun üçün həmin gəmilərin Rusiya ilə əlaqəsinin olmaması, Ukraynanın sanksiyaları altında olmaması və Rusiya yükü daşımaması şərt qoyulub.