Yaponiyanın Baş naziri Sanae Takaichinin planlaşdırdığı hökumət dəyişikliyi ərəfəsində Nazirlər Kabinetinin bütün üzvləri istefa verib.
Modern.az xəbər verir ki, hökumətin təcili iclasında bütün nazirlər istefa ərizələrini Baş nazirə təqdim ediblər və ərizələr qəbul olunub.
Yeni Nazirlər Kabinetinin tərkibinin yaxın saatlarda açıqlanması gözlənilir. İstefa verən nazirlər yeni hökumət formalaşdırılanadək öz vəzifələrini formal olaraq icra etməyə davam edəcəklər.
Gözləntilərə görə, xarici işlər naziri Toşimitsu Motegi, müdafiə naziri Şinciro Koizumi, maliyyə naziri Satsuki Katayama və Nazirlər Kabinetinin baş katibi Minoru Kihara vəzifələrini qoruyacaqlar.
Sanae Takaichi bundan əvvəl hakim Liberal-Demokrat Partiyasının rəhbərliyində də kiçik dəyişikliklər edib. Əsas vəzifələrdə dəyişiklik olmayıb.
Yerli müşahidəçilər hökumət və partiya rəhbərliyində məhdud dəyişikliklərin Takaichinin idarəetmədə sabitliyi qorumaq və 2027-ci ildə Liberal-Demokrat Partiyasının sədri vəzifəsinə yenidən seçilməsi üçün əlverişli şərait yaratmaq istəyi ilə əlaqəli olduğunu bildiriblər.